“Qəbələ“yə öz köməyini təkli etdi: “Mənə inanıb güvənsələr…“

5 Mart 02:20 Qəbələ 608
“Qəbələ“yə öz köməyini təkli etdi: “Mənə inanıb güvənsələr…“

“Qəbələ” mənim çox sevdiyim komandadır və əlbəttə ki, onların oyunları ilə maraqlanıram.

Vəziyyətlərindən xəbərdaram”.

Sportinfo.az xəbər verir ki, bu sözləri qol.az-a açıqlamasında “Qəbələ”nin sabiq kapitanı Dodo deyib.

5 il (2011-2016) “Qəbələ”də çıxış etmiş braziliyalı yarımmüdafiəçi sabiq komandasının hazırda turnir cədvəlinin sonuncu pillədə olmasına üzüldüyünü bildirib:

“Qəbələ” kimi komanda yaxşı mövqedə olmağa layiqdir. Bu komanda həmişə güclü olmalıdır. Onların hazırkı durumu mənim üçün üzücüdür”.

Dodo Elmar Baxşıyevin “Qəbələ”dən ayrılmasına və Kaxaber Sxadadzenin baş məşqçi təyin olunmasına da münasibət bildirib:

“Elmar Baxşıyevlə bir neçə il komanda yoldaşı olmuşuq. Məncə, “Qəbələ” üçün məşqçi kimi də əlindən gələni edirdi.

Amma bəzən komanda dəyişikliyə ehtiyac duyur. Bəlkə də yeni dəyişikliklər “Qəbələ”ni inkişaf etdirə və daha yaxşı hala gətirə bilər”.

“Qəbələ”də 131 oyun keçirən və komandanı irəli aparan Dodo indi də “qırmızı-qaralar”a kömək etməyə hazır olduğunu qeyd edib:

“Mənə inanıb güvənsələr, orada oynama hazıram. Artıq 5 ildir “Liepaya”ya (Latviya) kömək edirəm.

Yeni məşqçi ilə danışmağa hazıram. Mənim səviyyəmin necə olduğunu və son 5 ildəki oyun statistikamı yoxlaya bilərsiniz. Onda görəcəksiniz ki, dediklərim adi söz deyil”.

Bəs Dodo Latviyada etdiklərini Azərbaycanda da, özü də 36 yaşında təkrarlaya bilərmi? Latviya çempionatı ilə Azərbaycan Premyer Liqası arasında səviyyə fərqi necədir?“

Yaş problem deyil. Fiziki durumum əladır. Elə buna görə də “Liepaya” mənimlə daha bir illik müqavilə imzaladı.

Mən hələ də “10 nömrə” və kapitanam. Belə olmasa idi, klubum mənimlə yeni 1 illik müqavilə bağlamazdı.

Onu da deyim ki, Latviya çempionatı da zəif deyil. Hansı ölkədə olmasından asılı olmayaraq, istənilən komandaya kömək etməyə hazıram.

Artıq 5 ildir "Liepaya"ya kömək edirəm. "Qəbələ"də də bunu bacararam.

38 yaşıma kimi oynamağı düşünürəm. Bundan sonra hələ çox qol vuracağam”.

Dodo sonda “Qarabağ”ın Avropa Liqasındakı uğurlu çıxışlarına da toxunub:

“Qarabağ” yaxşı komandadır. Onların bəzi avrokubok oyunlarını izləyirəm.

"Braqa" kimi komandanı keçə bildilər. “Bayer” isə daha güclüdür.

“Qarabağ”a asan olmayacaq, amma onların çox yaxşı baş məşqçisi var. Qurban Qurbanov uğurlu nəticə üçün nə edəcəyini bilir”.

Digər Xəbərlər
Xəbər Lenti