"Onun bu məsələdən ümumiyyətlə xəbəri yox idi"

3 Mart 15:40 Qəbələ 467
"Onun bu məsələdən ümumiyyətlə xəbəri yox idi"

«Kaxaber Sxadadzenin bu məsələdən ümumiyyətlə xəbəri yox idi.

O, son anadək elə bilirdi ki, «Kəpəz» burada qonaq qismində çıxış edir».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Qəbələ»nin idman direktoru Səbuhi Səfiyarlı deyib.

Bilindiyi kimi, “Kəpəz” yenə stadionsuz qalıb. Gəncə təmsilçisi ev oyunlarını daha Qəbələdə keçirməyəcək.

Belə ki, “Qəbələ” tərəfi stadionun ot örtüyünün yükləndiyini əsas gətirərək, artıq “Kəpəz”in rəqiblərini orada qəbul etməsinə razı olmayıb.
Klub rəsmiləri hazırda stadion axtarışındadır.

Gəncə şəhər stadionu təmirə bağlandığı üçün “Kəpəz” qış fasiləsindən sonra ev oyunlarını Qəbələ şəhər stadionunda keçirirdi.

“Kəpəz”lə “Qəbələ” hazırda Premyer Liqada qalmaq uğrunda mübarizə aparır. Yəni “Kəpəz” elitada qalmaq uğrunda sonuncu pillədə qərarlaşan “Qəbələ”nin əsas rəqibi hesab olunur.

S.Səfiyarlı bu qərarın klub rəhbərliyindən və yeni baş məşqçidən asılı olmadığını bildirib:

«Sxadadzenin bəzi tələbləri ola bilər. Bunların hamısı klub və iş prosesini yaxşılaşdırmaq üçün lazım olan tələblərdir.

Yoxsa bəzi mətbuat orqanları iddia edir ki, Kaxa gələndən sonra «Qəbələ» daha «Kəpəz»in burada ev oyunlarını keçirməsinə icazə verməyib.

Mən sizi əmin edirəm ki, bu, yalandır. Kaxa gələndən sonra bu məsələ qətiyyən müzakirə olunmayıb.

Məlum qərarı klub rəhbərliyə də verməyib. Bu, sırf stadiona baxan texniki heyətin raportu əsasında verilmiş qərardır.

Burada «Kəpəz»in bizim əsas rəqibimizin olmasının da təsiri yoxdur. Hansı komanda olsaydı, yenə bu qərar veriləcəkdi.

Axır vaxtlar hamı meydançanın vəziyyətindən şikayət edirdi. Bu da təsadüfi deyil.

Qəbələdəki meydança ayda uzaqbaşı 3 oyun keçirməyə imkan verir. Heç həftəyə 1 oyun düşməməlidir.

Bir fakt deyim, fevralın 4-dən bu tərəfə orada 6 oyun keçirilib. Bu rəqəm həddindən artıq çoxdur.

Onu da nəzərə alın ki, Qəbələ soyuq yerdir. Gecələr hava daha çox şaxtalı olur.

Əsas meydança hədsiz yüklənib. Belə getsəydi, qazon tamamilə məhv olacaqdı.

Mütəxəssislər xəbərdarlıq etdi ki, bu cür davam eləsə, ot örtüyü heç yaz dönəminə çıxmayacaq. Çünki yaz dönəmində meydançada otu möhkəmləndirmək üçün bəzi texniki prosedurlar həyata keçirilir.

Dedilər ki, yüklənmə azalmasa, həmin prosedurları həyata keçirə bilməyəcəyik. Burada başqa səbəb axtarmağa dəyməz.

Bildiyimə görə, «Kəpəz»lə razılıq mövsümün sonunadək olmayıb. Əvvəlcədən razılaşma bir neçə oyunluq olub.

Hər ilin bu vaxtı ot örtüyündə hansısa bir problem yaranır. Onda da qarşı tərəfə bildirilib ki, qazon qaydasında olduğu müddətdə gəlib burada oynaya bilərsiz.

«Qəbələ» indiyə qədər «Kəpəz»ə əlindən gələn köməkliyi eləyib».

Digər Xəbərlər
Xəbər Lenti