“Gəldiyim gündən telefonum susmur” – Geri qayıdan baş məşqçi

2 Mart 21:00 Qəbələ 1 106
“Gəldiyim gündən telefonum susmur” – Geri qayıdan baş məşqçi

“Buradan gedən gündən Georgi Çixradze ilə dəfələrlə Azərbaycan haqda söhbətimiz olub”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qəbələ”nin yeni baş məşqçisi Kaxaber Sxadadze deyib.

“İnter”in (indiki “Şamaxı”) sabıq çalışdırıcısı doqquz illik aradan sonra geri dönüb. “Qırmızı-qaralar”la 1,5 illik müqavilə imzalayan gürcüstanlı mütəxəssis Azərbaycan futbolu üçün darıxdığını gizlətməyib:

“İşləməyəndə, boş vaxtımız olanda oturub xatirələri yada salırdıq, danışırdıq. Bəlkə də inanmayacaqsız, amma 2015-ci ildən bu yana daim Premyer Liqanı diqqətdə saxlayırdım.

Çox darıxmışdım. Hava limanından düşüb mərkəzə tərəf gedəndə öz evimə gəldiyimi hiss edirdim.

Burada çox sayda dostlarımız var. Sağ olsunlar, hörmət edirlər, xətrimizi istəyirlər.

Bakıya gəldiyim gündən telefonum susmur. Vaxtilə “İnter”də oynamış futbolçular zəng edir, mesaj yazır, təbrik edirlər. Bilirsiz, necə xoşdur bunları görmək”.

Futbolçu kimi Gürcüstanın “Metallurq” (Rustavi, 1984-86, 1987), “Dinamo” (Tbilisi, 1986), “İberiya” (1988-91), “Lokomotiv” (Tbilisi, 2000-02), İsveçin “Sundsvall” (1991), Rusiyanın “Spartak” (Moskva, 1992), “Dinamo” (Moskva, 1992), “Alaniya” (1997), “Anji” (2003-04), Almaniyanın “Ayntraxt” (Frankfurt, 1993-96), İngiltərənin “Mançester Siti” (1998-2002) klublarında çıxış edən Sxadadze MDB (1992) və Gürcüstan (1991-98) millilərinin formasını geyinib. O, 1990 və 1991-ci illərdə Gürcüstan, 1992-ci ildə Rusiya çempionu adını qazanıb.

Azərbaycanda “Standard” (2008) və “İnter”in (2009-14) baş məşqçisi olmuş mütəxəssis çalışdırıcı karyerasına 2001/2002-ci illərdə Tbilisi “Lokomotiv”ində başlayıb.

Həmin vaxt oynayan məşqçi funksiyasını yerinə yetirən Kaxa sonradan vətənində “Dinamo” (Tbilisi, 2005-06, 2021-22), “Sioni” (2006-07), Qazaxıstanda “Kayrat” (2016-17), “Ordabası” (2018-20), “Kaspi” (2022-23) klublarında, Gürcüstanın gənclər (2009) və əsas (2015-16) millisində baş məşqçi olub.

Onun rəhbərlik etdiyi komandalar 2004/2005 və 2005/2006 mövsümlərində Gürcüstan, 2009/2010 mövsümündə Azərbaycan çempionu, 2017-ci ildə Qazaxıstan Superkubokunun qalibi olub.

Digər Xəbərlər
Xəbər Lenti