"Qarabağ"ın qonaq gəlməsi və Kaxa acı mənzərəyə məlhəm olmadı

3 Mart 16:05 Qəbələ 290
"Qarabağ"ın qonaq gəlməsi və Kaxa acı mənzərəyə məlhəm olmadı

“Qəbələ” Kaxaber Sxadadzenin rəhbərliyi altında ilk görüşünü arxada qoydu.

Doğma meydanda lider “Qarabağ”ı qəbul edən bölgə klubu ağər məğlubiyyətə düçar oldu – 0:4.

Amma bu dəfə də “Qırmızı qaralar” özünü doğma divarlar arasında hiss etdiyini demək olmaz.

Belə ki, matça cəmi 700 azarkeş təşrif buyurmuşdu. Bu, protokolda yazılan rəqəmdir. O da adətən həqiqəti əks etdirmir.

Elə gözəyarı baxdığımız zaman da sayın hətta bundan da az olduğu aşkar sezilirdi.

Halbuki ehtimal olunurdu ki, tribunalara ən azı əvvəlki görüşlərdən daha çox tərəfdar cəm olacaq.

1. Rəqib “Qarabağ” idi. Ölkəmizi Avropada uğurla təmsil edən son çempionun bölgə səfərlərində azarkeş sayı birmənalı olaraq artması ilə seçilir. Ağdam təsmilçisini canlı görmək üçün arenanaya üz tutanlar heç də az olmur. Bu matçda da analoji hal gözlənilirdi.

2. Elmar Baxşıyevin istefaya göndərilməsindən sonra vakant posta təyinat alan Kaxaber Sxadadzenin yerli publika önündə ilk matçı idi.

3. Sonuncu pillədə qərarlaşan komanda ən yaxın izləyicisindən 8 xal geri qalır. Premyer Liqa qalmaq üçün son 12 görüş bu komanda üçün ölüm-qalım məsələsi olacaq. Və belə məqamda azarkeş dəstəyi mütləqdir.

Yuxarıda sadalanan üç məqam əsas verirdi ki, ən azı 1500-2000 tərəfdarın tribunalara cəm olacağına ümid edəsən. Amma olmadı. Komanda ən ağır günündə də çox sayda boş oturacaqların önündə mübarizə aparmalı oldu. Əgər buna mubarizə demək olarsa.

Görünür, ya bu mövsüm alınan ardıcıl məğlubiyyətlər azarkeşləri klubdan əməlli-başlı küsdürüb, ya da sevimli komandalarının aşağı liqaya düşməsilə artıq barışıblar.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti