Qaranlıq və şübhəli məqam - Kapitan olan kəs kimdən çəkinir?

27 Fevral 16:40 Qəbələ 395
Qaranlıq və şübhəli məqam - Kapitan olan kəs kimdən çəkinir?

“Qəbələ” prinsipial oyunda “Kəpəz”ə məğlub oldu.

Premyer Liqada qalmaq uğrunda mübarizə aparan komandaların duelində gəncəlilər 2:1 hesablı qələbəyə sevindi.

Matç başa çatandan sonra qəbələli futbolçuların üzgünlüyü anlaşılan idi. Əsas rəqibə önəmli matçda uduzmaq əhvallarını korlamışdı.

Odur ki, hakimin final fitindən sonra futbolçulardan heç biri jurnalistlərin suallarını cavablandırmaq istəmədi. Nə Zurab Oçiqava, nə Eyyub Allaş, nə Kristian Atanqana, nə də...

Ümid Ürfan Abbasova qalmışdı. Komandanı meydana kapitan qismində çıxaran futbolçuya.

Ki, Ürfan heç kimin danışmadığı anda kapitan və təcrübəli futbolçu kimi məsuliyyəti üzərinə götürüb mövcud durumla bağlı fikirlərini bildirər, vəziyyətin düzələcəyindən danışar.

Amma o da müsahibə və ya açıqlama vermək əhvalında olmadığını bildirməklə kifayətləndi. Səbəbini ardıcıl məğlubiyyətlərlə, düşərgədə ab-havanın qaydasında olmaması ilə əlaqələndirdi.

Hətta Bakıdan Qəbələyə 300 kilometr yolu qət edib işləmək – müsahibə-açıqlama almaq üçün gəldiyimizi xatırlatmağım da işə yaramadı.

Amma bizim gördüyümüz və bildiyimiz odur ki, kapitan olan kəs ən çətin anlarda ortaya çıxıb sinəsini irəli verməyi bacarmalıdır.

Legionerlər hansısa sözünün yanlış anlaşılacağını, yaxud səhv tərcümə olunacağını düşünüb baş məşqçidən, yaxud rəhbərlikdən ehtiyatlana bilər.

Kapitan kimdən çəkinir? Çox güman, heç kimdən. Bəs, niyə danışmır?

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti