Varlı klubun "ərköyün"ü kasıb məkanda parlaya biləcəkmi?

28 Fevral 14:40 Qəbələ 406
Varlı klubun "ərköyün"ü kasıb məkanda parlaya biləcəkmi?

Elmar Baxşıyevlə yolları ayıran “Qəbələ”də vakant posta təyinat uzun çəkmədi. Ölkəmizə tanış sima olan Kaxaber Sxadadze bölgə klubunun başına gətirildi.

Gürcü mütəxəssis sanki qapıda hazır gözləyirmiş. Əslində son illər onun yenidən ölkəmizə qayıdışı çox müzakirə olunub. Lakin heç vaxt iddialar özünü doğrultmayıb.

Nəhayət, bu dəfə Kaxaberin Azərbaycana dönüşü baş tutdu.

Bəs 55 yaşlı mütəxəssisin 10 ildən sonrakı qayıdışı “Qəbələ”yə nə verə bilər?

Çalışdırıcı daha əvvəl burada qısa müddət “Standart”da çalışıb. Elə karyerası ərzində işlədiyi əksər klublarda da onun ömrü bir mövsümlük olub.

Bu baxımdan yalnız Bakı “İnter”i fərqlənir. O, burada nə az, nə çox 5 mövsüm çalışıb.

2009/10 mövsümündə bu kluba Azərbaycan çempionluğunu qazandırıb. Stabil, daim iddialılar arasında olan kollektiv formalaşdıra bilib.

“Neftçi”nin rəqib tanımadığı həmin mövsümlərdə məhz onlara ən böyük başağrısı Kaxaberin “İnter”i olub. Ortaya bir sistem, intizamlı komanda çıxara bilib. Daha çox güc futboluna hesablanan futbolçulara üstünlük verib.

Bəli, əlinin altında böyük büdcə, sanballı transferlər də olub. Bir xahişi iki olunmayıb. Hətta zaman-zaman etdiyi şıltaqlıqlara göz də yumulub. İddialı komanda qura bilməsində bunun rolu az olmayıb.

Gürcüstanlı mütəxəssis Bakıdan ayrılandan sonra 2017-ci ildə Qazaxıstan Superkubokunun qalibi olmasından başqa heç biri uğuru olmayıb.

Amma “Qəbələ”də “İnter”də alışdığı büdcə yoxdur. Və mövsümün sonuna 13 tur qalmış sonuncu pillədə qərarlaşan klubun başına keçməyə razılıq verib.

Və ən mühüm məsələ çalışacağı futbolçular sabiq baş məşqçi Elmar Baxşıyevin seçimləridir.

Hər iki çalışdırıcının futbola baxışı isə fərqlidir.

Baxşıyev baxımlı futbolu seçən, müdafiəni hücumda quran, kreativ futbolçulara üstünlük verən düşüncəyə sahibdir.

Sxadadze isə daha çox qapanan, oyunu müdafiədə qurmağı bacaran tipdir.

Hücum futbolu üçün yığılan heyətlə müdafiə futbolunu oynatmaq nə dərəcə mümkün olacağı böyük sual altındadır.

Əslində “Qəbələ”nin oyun planında ciddi problemləri görünmürdü.

“Qəbələ”nin oyunlarına baxan ağlının ucundan da keçirməzdi ki, bu kollektiv son pillədə qərar tutub.

Əsas problem davamlı qarşılaşdıqları şanssızlıqlar idi.

Kaxaber üçün bir də bu tilsimi qırmaq üçün “sehrli müdaxilə” şərt olacaq.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti