İstefa mədəniyyəti – Bu klubun baş məşqçisində yoxdurmu?

14 Fevral 22:20 Qəbələ 968
İstefa mədəniyyəti – Bu klubun baş məşqçisində yoxdurmu?

Elmar Baxşıyevin diqqətinə:

Premyer Liqada 10 klub mübarizə aparır.

Birinci Liqada 10 klub yarışır.

İkinci Liqada 14 klub qüvvəsini sınayır.

Region Liqasında daha 40 komanda var.

Üst-üstə toplasaq, bu rəqəm 74 edir.

«Qəbələ»ni bir kənara qoysaq, Baxşıyevin gedə biləcəyi 72-73 ünvan var.

Dirənişi məni heyrət içində buraxır. Mənasız yerə bu qədər israrlı davranışına mat-məəttəl qalıram.

Bir məşqçi hər şeyin əleyhinə işlədiyi məkanda niyə qalsın ki?! Mən bunu başa düşmürəm, düşmək də istəmirəm.

Ya öz-özünü aldadır, ya da adamın özünü aldadırlar. Bu mövsüm onda heç nə alınmır, ancaq getmir yenə. «Qəbələ»nin o gözəl günləri də çoxdan arxada qalıb, ta buralarda yel əsib qoz tokülmür.

Di gəl, məğlubiyyətlərin sıralanması Baxşıyevi ayıltmır, «Qəbələ»ni Birinci Liqaya yuvarladan ilk baş məşqçi kimi tarixə düşməyin qara ləkəsini üzərinə yaxmaqdan çəkinmir.

Tovuzda izlədiyim «Qəbələ»nin yeri Premyer Liqa olmamalıdır. Xoşbəxt görünməyən futbolçu toplusu 90 dəqiqə 3 xalın dərdini çəkmədi.

Qazanmaq istəyi 0-ın altında olan komanda ilə çalışmaq Elmar Baxşıyevin nəyinə lazımdır, yenə bunu tuta bilmədim.

Hər həftə bir rəqib həmkarının əlini sıxıb, təbrik eləməkdən yorulmayan, onu vərdiş halına gətirən Baxşıyev, deyəsən, istefa mədəniyyətindən də bixəbərdir.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti