"Qəbələ"ni pərən-pərən salan fərqli ruhlu əcnəbiləri siz də TANIYIN

26 Fevral 23:40 Qəbələ 479
"Qəbələ"ni pərən-pərən salan fərqli ruhlu əcnəbiləri siz də TANIYIN

“Qəbələ” mövsümdə 16-cı məğlubiyyətini “Kəpəz”dən aldı – 1:2.

22 turda 16 məğlubiyyət çox ağır nəticədir.

Bu görüşlərdə 16 qol vuran “qırmızı qaralar”ın futbolçuları öz qapısından nə az, çox 41 qol buraxıb.

Belə hücum xətti yalnız “Zirə” ilə (Paytax təmsilçisinin aktivində 17 qol var) təsəlli tapa bilərsə, müdafiə xətti bu göstəricidə bütün rəqiblərini qabaqlayır.

Son səfər qarşılaşmasından sonra israilli forvard Osama Xalayla, braziliyalı müdafiəçi Lukas Afriko ilə danışmaq istəyimiz də məhz bununla bağlıydı.

Amma heç biri komandasının pis günündə məsuliyyəti üzərinə götürmək cəsarətinə sahib olmadı. Nə hücumçu hücumdakı fiaskodan, nə də müdafiəçisi arxa xətdəki anarxiyadan danışmaq istəmədi.

Futbolda məğlubiyyət ağırdır. Heç bir futbolçu uduzmaq istəməz. Uduzduğu matçdan sonra futbolçuların üzüntü yaşamasını da normal qəbul edirəm.

Lakin cəsarətli olmaq da mütləqdir.

Gərək futbolçu həm də belə gündə media önünə çıxmaq iradəsinə sahib olsun.

Məğlubiyyətlərdən necə yorulduqlarını, pərişan olduqlarını aşkarda göstərmiş olsunlar.

Ən azından hər açıqlamada, müsahibədə ümid axtaran tərəfdarlara xatir.

Hər oyun meydanda əsəblərini tarıma çəkdiyiniz fanatlardan üzr istəmək qabiliyyətindən isə hələ danışmıram.

Təbii ki, “Qəbələ”də hər kəs bu ruhda deyil.

Xalayla və Afrikodan fərqli olaraq media önünə çıxmaq, azarkeşlərə hesab vermək xarakterinə sahib olanlar da var.

Məsələn, Bilel Auşeriya kimi. Kənarda çox dilxor görünən, üzü gülməyən Bilel müsahibə istəyimizi eşidincə anlayışla “olar” – dedi.

Elə müsahibə əsnasında da Bilelin nə qədər kefsiz olduğu açıq sezilirdi.

O, üzüntüsünü dilə gətirdi, tərəfdarlara səslənərək belə gündə bir olmağın və komandanı bu durumdan çıxarmağın vacib olduğunu bildirdi.

Bu, birinci belə hal deyil. Daha əvvəl də oxşar mənzərə ilə qarşılaşmışıq. Hər dəfə də 29 yaşlı vinger məğlubiyyətlərə rəğmən özünü qabağa verib, fanatlardan səbrli olmağı xahiş edib.

Məsuliyyəti öz üzərinə götürüb. Elə meydanda da oxşar mənzərə var. Bu gün “Qəbələ”nin Premyer Liqada vurduğu 16 qoldan 5-də Bilelin imzası var.

Sanki həm meydandan, həm də ondan kənarda Bilel bir ruhda, Xalayla, Afriko kimiləri başqa ruhdadır.

Bəlkə də bu komandanın düzələ bilməməsinin kökündə Bilel xarakterli futbolçuların azlığı durur. Hər halda, gördüklərimiz və futbolçuların göstərdikləri belə deməyə ciddi əsas verir.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti