Komanda yoldaşlarının tək buraxdığı fransalı: "Bunun başqa bir yolu yoxdur" - MÜSAHİBƏ

17 Fevral 23:00 Qəbələ 663
Komanda yoldaşlarının tək buraxdığı fransalı: "Bunun  başqa bir yolu yoxdur" - MÜSAHİBƏ

"Qəbələ" Premyer Liqanın 22-ci turunu məğlubiyyətlə başa vurdu.

"Turan Tovuz"a 1:2 uduzan komandanın üzvlərindən Osama Xalayla, Lukas Afriko final fitindən sonra media mənsublarının suallarından yan keçmək yolunu seçdilər.

Meydanda futbol oynamaq bacarıqlarını göstərə bilməyən legionerlərin heç olmasa meydandan sonra mikrofon önünə keçib, yaşatdıqları fiaskoya görə azarkeşlərdən üzr istəyəcəklərini gözləyirdik. Amma beləsi də yox deyildi.

Söhbət Bilel Auşeriyadan gedir. Arenanın kənarında çox məyus halda dayanan 29 yaşlı fransalı müsahibə istəyimizə heç bir etiraz etmədi.

- Növbəti dəfə meydandan məyus ayrılmağa səbəb nə oldu?

- Oyun haqqında çox danışmaq istəmirəm. Mən və yoldaşlarım çox qəmgindi. Nəticədə səbəb axtarmaq istəmirəm. Rəqib qollar vuraraq qalib gəldi.

- Mövsüm sürətlə arxada qalır. Hazırkı durumdan çıxmaq üçün nələr etmək lazımdır?

- Hər oyunda qalib gəlmək lazımdır. Bunun başqa bir yolu yoxdur. Biz təslim olmamalıyıq.

- Yay fasiləsində son Ölkə Kubokunun qalibi olan kluba böyük ümidlərlə gəlmişdin. İndi yaşananlara görə, bura gəlmək qərarında peşman deyilsən?

- Əgər yenidən "Qəbələ" ilə müqavilə imzalamaq şansım olsaydı, bunu təkrar edərdim. Məğlubiyyət bizi hər şeydən küsdürməli deyil.

- Hər uğursuz oyundan sonra ən çox pərişan olan azarkeşlərə nələr deyərdin?

- Bizə dəstək olmağa, kömək etməyə çağırıram. Bilirəm ki, onlar da bizim kimi qəmgindir. Hamımız bir yerdə bu ad uğurunda mübarizə aparmalıyıq.

- İkinci dövrənin yarısına kimi yaxşı oyunla məğlubiyyətlər alırdınız. Amma son turlar həmin yaxşı oyunları da görmürük. Sanki davamlı uduzduqca kollektivdə məğlubiyyət ab-havası hakim olub. Bu, sizdə əlavə qorxu yaratmır?

- Bu sizin düşüncədir. Biz inkişaf etmək, qalib gəlmək üçün mübarizə aparmalıyıq. Bəli, gərginlik yarada bilər. Amma bundan uzaq durmalıyıq.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
5 May 01:50 "Turan" YOXSULLAŞDI