“Qəbələ”nin futbolçusu Rauf Hüseynli Sportinfo.az-a müsahibə verib.
“Qarabağ”ın yetirməsi olan müdafiəçi komandasının Premyer Liqanın 21-ci turunda “Zirə” ilə bərabərə qaldığı (1:1) matçı barədə sualları cavablandırıb.
- Sona yaxın yorulmuşdunuz, yoxsa məqsəd 1 xalı qorumaq idi?
- “Qəbələ”də heç vaxt 1 xal anlayışı olmayıb. İstənilən rəqiblə matça qələbə istəyi, qalibiyyət əzmi ilə çıxırıq. Bu dəfə də belə idi. Maraqlı və mübarizəli oyun oldu. Fikrimcə, hər iki komanda qalib gələ bilərdi.
- 6 futbolçunun yoxluğunu nəzərə alsaq, 1 xalı qələbəyə bərabər hesab etmək olar?
- Belə düşünmürəm. Çünki xalımız 17-yə yox, 15-ə yüksəldi və hələ də sonuncu pillədəyik. Qələbə yox, qələbələr qazanmalıyıq ki, düşdüyümüz vəziyyətdən çıxaq.
- Qışdan sonrakı hər iki çempionat oyununu uduzduğunuzu nəzərə alsaq, 1 xalı növbəti qarşılaşmalar üçün motivasiya hesab edə bilərik?
- Motivasiyamız var. Sadəcə, müxtəlif səhvlərimiz ucbatından 90 dəqiqənin tamamı istədiyimiz kimi olmur. Qol imkanlarını qaçırmaq, azlıqda qalmaq, düşünmədiyimiz səhvlərə yol vermək – bunların təkrarlanmaması üçün çalışırıq. Bizim üçün ən böyük motivasiya turnir cədvəlindəki yerimizdir. Hər dəfə cədvələ baxanda istər-istəməz bundan güc alırıq ki, sonuncu pillədən çıxmalıyıq. Rəqiblərin durumu bizə çox da fərq etmir. Çünki əsas məqsədimiz və işimiz öz futbolumuza, nəticələrimizə baxmaqdır. Açığı, kimin qalib gəlməsi bizim üçün önəm daşımayacaq. “Araz-Naxçıvan”la kubok qarşılaşmasını düşünürük.
HƏBİB

