“Özümüz bu duruma düşmüşük, özümüz də çıxacağıq” – VƏD VERDİ

6 Fevral 2024 22:20 Qəbələ 2 166
“Özümüz bu duruma düşmüşük, özümüz də çıxacağıq” – VƏD VERDİ

“Qəbələ”nin kapitanı Asif Məmmədov Sportinfo.az-a danışıb.

37 yaşlı yarımmüdafiəçi ümumi durumla bağlı sualları cavablandırıb.

- Komandada ab-hava necədir?

- Açığı, vəziyyət “Neftçi”ylə oyundan əvvəl də yaxşı deyildi. Öncəki turda öz meydanımızda “Sumqayıt”a uduzmuşduq. Gözlənilməz məğlubiyyətə görə hamı bikef idi. Amma yenə də ümid edirdik ki, “Neftçi”dən azı 1 xal ala bilərik. Əslində, buna doğru gedirdik. Hətta qələbə də qazana bilərdik. Fikrimcə, azlıqda qalana qədər üstün tərəf biz idik. Qırmızı vərəqə və penalti istəyimizə çatmağa mane oldu. “Neftçi”ylə oyun ümid verdi ki, bu komanda ilə nəsə etmək olar. Özümüz bu duruma düşmüşük, özümüz də çıxacağıq.

- Komandanızda ən böyük problem qol imkanlarının boşa verilməsidir. Rəqib qapısına qədər yaxınlaşsanız da, sonluq olmur.

-Sizinlə tam razıyam. Bəlkə də ən başlıca problemdir. Xatırlayıram, 2 il əvvəl də belə bir şey başımıza gəlmişdi. Hər matçda 4-5 şans boşa verilirdi. Biri var 50 faizlik qol imkanı, biri də var 100 faizlik. Bu mövsümdə məhz 100 faizlik fürsətləri dəyərləndirə bilmirik. Hücumçularımıza inanıram. Məşqlərdə bu problemin üzərində işləməklə məsələni yoluna qoymalıyıq.

- Üç legioner – Ahmed Ayzaya, Klesio Bauk və Feras Abu Akal məşqlərdə və oyunlarda iştirak etmir. Bu məqam nəticələrə nə dərəcədə təsir edir?

- Legionerlər komandaya fayda vermək üçün dəvət olunublar. Təəssüf ki, indiki vəziyyətdə bizə kömək edə bilmirlər. Hər birini əsas heyət üzvü saya bilərik. Təsəvvür edin, 3 əsas futbolçudan istifadə edə bilmirik. Həm rəqabət, həm komandaya kömək baxımından onlar bizə lazımdırlar.

- Qırmızı vərəqələrin sayı niyə bu qədər çoxdur?

- Bunu psixoloji gərginliklə əlaqələndirərdim. Hər bir futbolçu meydanda can qoyur, uğursuzluqdan çıxmaq üçün əlindən gələni edir. Belə olduğu halda bəzən tələskənlik olur, bəzən sərt oyun kobudluğa çevrilir. Tələsən, hirslənən adam istər-istəməz hansısa məqamda səhvə yol verir. Burada intizamsızlıqdan söhbət gedə bilməz. Komandada disiplin yüksək səviyyədədir.

- Gəminin kapitanısan, gəmini batmağa qoymamaq üçün əlində resept var?

- Var-var. Əvvəlki “Qəbələ”ni qaytarmaq üçün gecə-gündüz çalışmaqla əlimizdən gələni edirik. “Qəbələ” bu yerlərdə qərarlaşmağa layiq komanda deyil.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA