Üzünə baxan yoxdur, dosta zəng etmək də olmur…

4 Fevral 2024 16:30 Qəbələ 1 144
Üzünə baxan yoxdur, dosta zəng etmək də olmur…

«Qəbələ»nin işi Allaha qalıb.

Gedişat qorxu saçır.

Premyer Liqada 20 oyuna çıxan «qırmızı-qaralar» hamıdan zəif göstəricilərə imza atıb. Odur ki, 14 xalla turnir cədvəlinin dibinə «dəmir atıblar». I Liqaya enməyə ən real namizəd göstərilən komandada əməlli-başlı xaos hökm sürür.

Elə tur olmur ki, hansısa futbolçu qırmızı vərəqə alıb vaxtından əvvəl meydanı tərk eləməsin.

Elmar Baxşıyev onlara nəzarət edə bilmir. Kollektiv üzvlərinin yanında sözü keçməyən baş məşqçi güc verib hakimlərə.

Oyunçularının ipə-sapa yatmamasıyla barışan çalışdırıcı bu problemə son verməyi bacarmadığı halda, «fit sahibləri»nin münasibətindən şikayətlənir.

Doğrudan da, son vaxtlar «Qəbələ»dən belə narazılıqları tez-tez eşidirik. Baxşıyev neçə ildir burada işləyir, heç vaxt indiki qədər «ədalət təmsilçiləri»nin ünvanına sərt danışmayıb.

Xüsusən ötən mövsümdən bəri. İndi isə biz Baxşıyevin addımbaşı müvafiq giley-güzarını dinləməli oluruq.

Arxasında nə dayanır? Qoy, deyək də… Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov «Qəbələ» ilə çox yaxındır.

AFFA-nın keçmiş icraçı vitse-prezidenti və baş katibi dostunu hələ 2019-cu ildə bu klubun rəhbərliyində görmək istəyirdi.

Səmədovun təyinatıyla «qırmızı-qaralar»ın maddi rifahı da yaxşılaşacaqdı. Son anda anlaşma pozuldu, Məmmədovun yaxını «Qəbələ»də vitse-prezident kimi işləməsi alınmadı.

Bununla belə, o, «Qəbələ»yə simpatiya bəsləməkdə davam edib. Axı Elmar Baxşıyevin Kanadada yaşayan qardaşı ilə çox yaxın münasibətləri var.

Uzun illərdir aralarından heç su da keçmir. Elxan Səmədov ayyarım öncəyə, Xankəndi - Ağdam yolunda qəzaya düşənə kimi «Qəbələ» ilə bağlı məsələlərə həmişə həssas yanaşırdı.

Bunu PFL-in, elə AFFA-nın özündə də bilməyən yoxdur. Təbii, hakimlər də PFL prezidentinin «Qəbələ»yə sıcaq yanaşmasından xəbərdardır.

Onu da bilirlər ki, əslində, rəhbərləri Barış Şimşək yox, Elxan Səmədovdur.

Kimə də məlum olmasa, «ədalət təmsilçiləri»nin özlərinə və bizlərə məlumdur ki, təyinatlar PFL-dən verilir. Kim Baxşıyevin xətrinə dəyirdisə, çempionatın təşkilatçısı olan qurumun rəhbəri də ona xoş üz göstərmirdi.

İndi isə Elxan Səmədov xəstəxanadadır, başı özünə qarışıqdır (Allah şəfasını versin!) və «Qəbələ» ilə məşğul olmaq hayında deyil.

Gərək özü işin üstündə olsun ki, hakimlər də Baxşıyevin komandasına dəyib-dolaşmasın. Allah eləsin, sağalsın və tezliklə ayağa qalxsın.

Hörmətli Elmar bəy onadək başının çarəsini qılmalıdır. Həm də komandasının…

SPORTİNFO.Az

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA