“Qəbələ”nin legioneri Samuel Tetteh Sportinfo.az-a müsahibə verib.
“Araz-Naxçıvan”la kubok qarşılaşmasında komandasının yeganə qoluna imza atan, matçın sonlarına yaxın əlverişli imkanları boşa verən qanalı hücumçu sualları cavablandırıb.
- Qələbənin əldən çıxmasına kim, nə səbəb oldu?
- Özümüz, başqa heç kim. Kifayət qədər real qol şanslarımız var idi, onları dəyərləndirə bilmədik. Təkcə mən 2-3 imkanı boşa verdim. 10 nəfərlə qalan komandanın 11 nəfərlə mübarizə aparan rəqibə qarşı oynaması çətin olur. Belədə, daha çox qaçırsan, yorulursan. Bu gün bizim günümüz deyildi.
- O cür şansları sağa-sola xərcləməyinin səbəbi nə idi?
- Tələskənlik və yorğunluq. Bəzən matçın sonlarında ayaqlar sözə qulaq asmır. Topa qaçarkən yorulursan, nəticədə zərbə anında ya istədiyin kimi vurmursan, ya müvazinətini itirirsən, ya da zərbə istədiyin kimi alınmır. İstənilən halda bunları bəhanə gətirməməliyəm. Futbolçuyamsa, şans varsa, qol vurmalıyam. Bu gün bir zərbəm dəqiq oldu, digərləri yox. Çalşacağam bir daha belə olmasın.
- Oyundan sonra meydanın mərkəzində uzanmışdın və hamı sənə yaxınlaşırdı. Ağlayırdın?
- Ağlamırdım, sadəcə, özümü çox pis hiss edirdim. 10 nəfərlə qaldığımız halda əlimə o cür imkanlar düşdü, amma qola çevirə bilmədim. Buna görə özümü günahlandırırdım.
- Bu heç-heçə yarımfinala yüksəlməyə kifayət edəcək?
- Əlbəttə. Səfər heç-heçəsindən sonra üstünlük tərəfimizdədir. Növbəti mərhələ üçün əla imkan yaranıb. Məşqçilər heyətinin tapşırıqlarını dəqiq yerinə yetirib, qol vəziyyətlərində dəqiq oynasaq, yarımfinala adlayacağımıza inanıram.
HƏBİB

