“Klesio Bauku əvvəl tanımırdım.
“Qəbələ”yə gələndən sonra haqqında eşitdim. Bacarıqlı futbolçudur”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında bölgə təmsilçisinin hücumçusu Samuel Tetteh komanda yoldaşı haqda danışarkən deyib.
Elmar Baxşıyev son matçlarda yarımmüdafiənin solunda qanalıya şans verir ki, o, “Qəbələ”nin heyətində çempionatda 2, ölkə kubokunda 1 qolla diqqət çəkib.
Klesio Baukun transferindən sonra Tettehi çətin günlərin gözləyəcəyi gün kimi aydındır.
Samuel rəqabətdən çəkinmədiyini, eyni mövqedə bir neçə futbolçunun yer almasının komandanın uğuru üçün faydalı olduğunu bildirib:
“Baukun milli komandadakı çıxışının videolarına baxmışam. Əminəm ki, təcrübəsi və bacarığı ilə bizə kömək edəcək.
Bu dəqiqə belə bir futbolçuya ehtiyacımız var. O ki qaldı Klesionun gəlişindən sonra əsas heyətdə kimin oynayacağına, buna baş məşqçi qərar verəcək.
Rəqabətin olması ziyanlı bir şey deyil, əksinə, xeyrimizədir. Belə olduğu istər məşqlərdə, istərsə də oyunlarda daha çox çalışacağıq.
Rəqabətdən və mübarizədən çəkinmirəm. Şans qazanmaq üçün hər şey edəcəyəm.
Mən ehtiyatda oturum, Klesio “11-lik”də olsun, təki qələbələri sıralayaq. Buna da razıyam”.
Klesio Bauk 2018-19 mövsümündə “Qəbələ”nin formasını geyinib ki, bu müddətdə 22 oyunun iştirakçısı olmaqla 3 qola imza atıb.
Bölgə təmsilçisinin fevralın 4-də “Zirə” ilə qarşılaşmada iştirak edəcəyi gözlənilir.
HƏBİB

