«Onun limiti böyükdür və hələ tükənməyib».
Bu sözləri Sportinfo.az-a açıqlamasında «Qəbələ»nin sabiq baş meneceri Nail Kərimov deyib.
Bir neçə gün öncə 18 illik iş yerindən ayrılan funksioner Elmar Baxşıyevin buradakı perspektivindən danışıb.
Təcrübəli idarəçi baş məşqçinin mövcud vəziyyətdən çıxış yolu tapacağına və komandanı Premyer Liqada saxlayacağına inandığını söyləyib:
«Elmar Baxşıyev xeyli müddətdir «Qəbələ»də çalışır. Onun başçılığı altında iki dəfə avrokuboklara vəsiqə qazanmışıq.
Mənim fikrimcə, komanda tezliklə uğursuzluq zolağından çıxacaq. Bunun üçün vaxt var.
Elmar müəllim işini bilən məşqçidir. Yəqin ki, lazım olan addımları atacaq.
Mən pis heç nə fikirləşmirəm. «Qəbələ»nin Premyer Liqadan aşağı düşəcəyini ağlımın ucundan da keçirə bilmirəm.
Bu, mənə çox ağır gəlir. Komandanın potensialı var.
Elmar Baxşıyevin sonadək işini davam etdirəcəyini gözəyirəm. Ona və futbolçulara inanmaq lazımdır».

