Bu gün "Qəbələ" İdman Klubu baş menecer Nail Kərimovla yollarını ayırıb.
Rəsmi məlumatda onun öz istəyi ilə klubdan getdiyi bildirilib.
2021-ci ilin dekabrından bu vəzifəni tutan futbol funksioneri 2006-cı ildən klubda çalışıb. O, mətbuat xidmətinin rəhbəri, akademiyanın direktor müavini və rəhbəri, həmçinin baş menecer kimi fəaliyyət göstərib.
Onun akademiyada çalışdığı dövrdə aşağı yaş qrupu üzrə komandalar dəfələrlə ölkə çempionatının qalibi və mükafatçısı olub, beynəlxalq yarışlarda uğurlar qazanıb, U-19 avrokuboklarda mübarizə aparıb.
Kərimov baş menecer kimi klubula Azərbaycan kubokunun 2022/23 mövsümünün qalibi adını qazanıb.
"Qəbələ" İK öz istəyilə klubdan ayrılan Nail Kərimova akademiya və əsas komandanın formalaşması, inkişafı, uğurlarındakı xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında yeni-yeni uğurlar arzulayıb.
N.Kərimov Sportinfo.az-a bu qərarı haqda açıqlama verib:
“Bu, mənim öz istəyimdir. Təşəbbüs irəli sürdüm ki, komandaya yeni idarəçi gəlsin.
Hesab etdim ki, yeni idarəçinin gəlməsiylə nələrsə dəyişəcək. Krizis müddətində atılan addımlar istənilən halda öz müsbət nəticələrini verir.
“Qəbələ” mənim üçün iş yeri deyil. “Qəbələ” mənim üçün iş yerindən atrıq bir məna daşıyır.
Komandanın aşağı liqaya düşməsi mənim üçün çox dəhşətli bir hadisə olardı. Odur ki, mütləq hansısa addımlar atılmalı idi.
Bu addımlardan birini də mən atmaq qərarına gəldim. Düşündüm ki, mənim gedişimin komandaya hansısa bir müsbət təsiri olsun, Premyer Liqada yerini qorusun”.

