Bilmirəm bu komandanın nə günahı var.
Və kimlər bu komandanın nəinki dağılması, hətta "Xəzər Lənkəran" kimi məhv olması üçün əlindən gələni əsirgəmir.
Azərbaycanda ən gözəl baza və ən gözəl futbol akademiyası “Qəbələ”dədir.
Stadion şəhərin demək olar ki, ortasındadı. Hasardan hoppansan stadiona düşərsən. Həm də beynəlxalq standartlara cavab verən bir stadiondur. Bundan başqa üç dənə də məqş stadionu var. Yəni Qəbələdə 4 stadion var.
Akademiyasında da mütxəlif rayonlardan gəlmiş, istedadlı və işıqlı uşaqlar futbolun sirlərini öyrənirlər. Demək olar ki, “Qəbələ” öz yerli oyunçularını özü yetişdirir. Yetişdirir və gətirir komandaya. Elə ki həmin futbolçular parladı, pullu komandalar daraşırlar “Qəbələ”nin futbolçularına. Ölkədə elə bir klub yoxdur ki, orda “Qəbələ”nin yetişdirdiyi futbolçu olmasın. Deyəsən təkcə “Qarabağ”da yoxdur.
“Qəbələ”nin maddi problemləri olduğu üçün məcburdur futbolçularını satsın.
Mən region komandalarının tərəfini tuturam. Çünki yaxşı bilirəm ki, regionlarda futbol inkişaf elməsə, ölkə futbolu da yerində sayacaq, necə ki, yerində sayır.
Komandanın sabiq baş məşqçisi, özü də İngiltərədə təhsil almış Ramiz Məmmədovla həm gənclik dostuyam, həm də bir elin oğluyuq. Tez-tez məni Qəbələyə futbola dəvət edirdi. Yolun uzaq olmasına baxmayaraq, heç vaxt Ramizin dəvətini rədd etməmişdim. “Qəbələ”nin oyununa baxmaqdan ləzzət alırdım. Sonra Ramiz getdi, yerinə ayrı baş məşqçi və məşqçilər gəldi. Amma yenə mən adətimdən çəkilmədim və hərdən “Qəbələ”nin oyununu izləmək üçün bu şəhərə gedirdim.
“Qəbələ” bir vaxtlar ölkənin ən perspektivli komandası idi. Həmişə liderlər qrupunda olurdu, Ölkə kubokunu alırdı, Avropa çempionatına gedirdi. Görünür komandanın uğurları kimlərinsə xoşuna gəlmədi və “ Qəbələ”nin başı bəlalı günləri başladı.
İndi sonuncu yerdə gedir, belə getsə Premyer liqadan çıxacağı labüddür. Beləliklə, hər cür şəraiti, bazası, akademiyası, dörd stadionu olan bir klub tamamilə dağılacaq. Amma hələ gec deyil, “Qəbələ”nin rəhbərliyi papaqlarını qabaqlarına qoyub komandanı bu durumdan çıxarmaq üçün yaxşı-yaxşı fikirləşməlidirlər.
Komandanın prezidenti Fariz Nəcəfov İkinci Qarabağ Müharibəsində döyüşüb, qazi olub və müzəffər Ordumuzun qələbəsində bir qıça da olsa əməyi var.
Fariz müəllim, indi də döyüş vaxtıdır. Və yenə səndən və klubundan qələbə gözləyirik. Komandanı toparla.
Klubun baş məşqçisi Elmar Baxşıyev, sən də ruhdan düşmə. Sənin bacarığına və istedadına inanıram.
Hava açılandan sonra söz verirəm gələcəm “Qəbələ”nin oyunlarını canlı izləməyə, onda da möhkəm dərdləşərik. Mən “Qarabağ”ın hər oyunundan əvvəl “Qarabağ” üçün dualar edirəm. Sizin üçün də dualar edəcəm.
Qəbələnin iş adamları, klubunuzu tənha buraxmayın.Və qoymayın kimlərsə bu komandanı “Xəzər Lənkəran”nın gününə salsın.
Aqil ABBAS

