"Hər oyunda qapında penalti görəcəksənsə, qırmızı vərəqə alacaqsansa..." - Elmar Baxşıyev

28 Yanvar 20:10 Qəbələ 467
"Hər oyunda qapında penalti görəcəksənsə, qırmızı vərəqə alacaqsansa..." - Elmar Baxşıyev

"Qəbələ" Azərbaycan Premyer Liqasının 20-ci turunda səfərdə "Neftçi"yə 1:3 hesabı ilə məğlub olub.

Sportinfo.az xəbər verir ki, bölgə təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Dinamik oyuna şahidlik etdik. Komandamın göstərdiyi əzmkarlıqdan razı qaldım. Əlbəttə nəticə yoxdur. Biz də başa düşürük ki, futbolda ən önəmli şey nəticədir. Son oyunlarda futbolçulardan istədiyimizi alırıq. Amma nəticə baxımından komanda istədiyinə çatmır. Daha çox çalışmaq lazımdır.

- Sizcə, nəticələr niyə istədiyiniz kimi deyil?

- Səbəb çoxdur. Burada səbəbləri saysam, vaxt çox gedər. Səhvlərimizi görürük. Hər oyunda qapında penalti görəcəksənsə, qırmızı vərəqə alacaqsansa, şansın daha da az olacaq. Bunları azaltsaq, oyun planında daha da inkişaf edərik.

- Penalti və qırmızı vərəqə epizodu barədə fikirləriniz necədir?

- Biz səhvlər edirik ki, qapımıza penalti olur. Verdiyimiz səhv qərarlardan sonra rəqib bizi cəzalandırır.

- Atanqana topu birinci dəfədə götürməyə çatinlik çəkir. Sizcə, əvəzedici heyətdən gənc qapıçı komandaya cəlb etmək olmaz?

- Bu məğlubiyyəti Atanqanaya bağlamazdım. Həbib gənc futbolçudur, talantı var. Amma indiki durumda Premyer Liqada oynayacaq səviyyədə deyil. İnkişaf dönəmini keçməlidir. Öz yaşıdları ilə oynamaq ayrıdır, belə peşəkar səviyyədə oynamaq ayrı.

- "Qəbələ" üzü aşağı gedir. Nə etmək lazımdır ki, səhvlər dayansın və komanda müsbət istiqamət alsın?

- Futbolda nəyisə sözlə həll etmək olmur. Daha çox güc sərf etməlisən, əzmkarlıq göstərməlisən ki, istədiyin nəticələri əldə edəsən. Futbolçularım təslim olamayıblar. Hesaba baxırsızsa, "Neftçi" qalib gəldi. Amma futbol baxımından heç heç kim deyə bilməz ki, "Neftçi" bu gün bizdən üstün idi. Biz səhvlər edirik.Uğurlu olmaq üçün daha məsuliyyətli olacağıq.

- Azarkeşlərin qınağı, aqressiyası hiss olunur. Bunu necə qarşılayırsız?

- Normaldır. Azarkeşlərin iradını qəbul edirik. Sonuncu yerdə gedən komandadan azarkeş razı ola bilməz. Çox rahat təslim olmayacağıq.

- Səbuhi Səfiyarlı klubun idman direktoru təyin olundu. Bu təyinatla bağlı fikirləriniz necədir?

- Səbuhinin reklama ehtiyacı yoxdur. Bu klubda olub, öz sahisə üzrə Azərbaycan futbolunda tanınmış insandır. O da komandaya öz gücünü verəcək.

- Transfer pəncərəsinin bağlanmasına 9 gün qalıb. Müdafiəçi transferi istəyəcəksiz?

- Transfer xatirinə transfer olmasını mən istəmirəm. Sərəncamımda olan futbolçular var. heç kim Oçiqavaya, Afrikoya zəif futbolçu deyə bilməz. Ümid edirik ki, komanda toparlanıb nöqsanları aradan qaldıracaq və daha uğurlu olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"