“Verməyə bilərdi, o da sağ olsun, verdi ”

26 Yanvar 20:40 Qəbələ 507
“Verməyə bilərdi, o da sağ olsun, verdi ”

“Qəbələ” – “Sumqayıt” matçının müqəddəratını bir qol həll etdi.

72-ci dəqiqədə cərimə meydançasında ikili mübarizə zamanı Lukas Afrikonun İsa Sulimana etdiyi hərəkət qayda pozuntusu kimi dəyərləndirildi və penalti nöqtəsinə yaxınlaşan Kasimir Ninqa topu tora qovuşdurdu.

Əslində, baş hakim Kamal Umudlu epizodu görməmişdi və qapıdan zərbə qərarını vermişdi. VAR-a cavabdehlik daşıyan Əliyar Ağayevdən gələn siqnal 11 metrlik cərimə zərbəsini şərtləndirdi.

Oyun başa çatandan sonra “Qəbələ”nin bəzi üzvləri bu qərarı doğru hesab etmir, Lukasın rəqibinə qarşı hərəkətini adi oyun epizodu kimi dəyərləndirirdi.

Bölgə təmsilçisinin müdafiəçisi Murad Musayev Sportinfo.az-a açıqlamasında penalti epizodu ilə bağlı bunları deyib:

“Qola qədər “Sumqayıt”ın cəmi bir real qol imkanı olmuşdu. Penaltidən vurulan qol hesabına qalib gəldilər.

Epizodun təkrarına dəfələrlə baxmışam. Məncə, ağır qərar idi.

Razıyam, müəyyən təmas, bəlkə də kobudluq var idi. Amma hakim epizodu cərimə zərbəsi kimi dəyərləndirməyə bilərdi.

50-nin 50-yə epizod idi. Verə də bilərdi, verməyə də. O da sağ olsun, verdi”.

“Qəbələ” 19 turdan sonra topladığı 14 xalla turnir cədvəlində sonuncu pillədə qərarlaşıb.

Bölgə təmsilçisi növbəti matçını yanvarın 28-də səfərdə “Neftçi”yə qarşı keçirəcək.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"