"Bu dəfə transferlər zamanı bizim başımız daşa dəydi, zay çıxdılar"

25 Yanvar 02:10 Qəbələ 476
"Bu dəfə transferlər zamanı bizim başımız daşa dəydi, zay çıxdılar"

Hazırda 14 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan "Qəbələ” hələ ki, toparlanmaqda çətinlik çəkir.

Geridə qalan müddətdə Klesio Baukdan başqa yeni transferlər həyata keçirməyən bölgə təmsilçisinin hazırkı durumu artıq azarkeşləri narahat etməyə başlayıb.

Qəbələli fanatlar narazılıqlarını sosial şəbəkələrə də daşıyırlar.

Elmar Baxşıyevin baş məşqçisi olduğu komandadan qələbə gözləyən fanatlar istədiklərinə çatmayacaqları təqdirdə geniş şəkildə etiraz edəcəklərini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, bu sözləri "Red Black Army” azarkeş qrupunun rəhbəri Cavad Şərifli qaynarinfo-ya açıqlamasında deyib.

O, sevimli komandalarında bu durum davam edəcəyi təqdirdə istefa tələb edəcəklərini bildirib.

"Yəqin ki, sosial şəbəkələrdə rastınıza çıxdı, biz etirazımızı bildirmişik. Dekabrda komanda və məşqçilərlə görüşdük, narazılığımızı çatdırdıq. Elmar müəllimin keçən il yığdığı kollektiv dağılıb. Amma avrokuboklara vəsiqə qazanmışdılar. Bu səbəbdən müəyyən vaxt verdik ki, bəlkə toparlanalar. Çünki baş məşqçinin həmin vaxtı almağa haqqı çatır. Ancaq görürük ki, nə yenilik, nə qış fasiləsində transfer olundu. Cəmi bir futbolçu alınıb, o da hələ gəlib çıxmayıb. Durum düzəlməsə, istefa şüarları səsləndirəcəyik. Elmarı çox istəyiriksə, "Qəbələ”ni hamıdan çox istəyirik”.

Şərifli, Klesionun komandaya uyğunlaşıb-uyğunlaşmaması ilə bağlı narahatlığını da nəzərə çatdırıb:

"Klesio hazırda Afrika Millətlər Kubokunda çıxış edir. Bura gələndən sonra nə dərəcədə uyğunlaşacağını bilmirik. Xalayla Abramov bura gələndə formada deyildilər. Əslində, indi də belədir. Sadəcə, Klesio onlardan fərqli oynayıb gələcək. Düşünürük ki, bizə ən azı 3-4 transfer lazımdır. Nə səbəbdən etmədiklərini bilmirəm. Komandada ruh çatmır. Özüm "Qəbələ” Store”də işləyirəm, doqquz ildir, demək olar, klubun içindəyəm. Görürəm ki, şükür Allaha hər şəraitləri var. Oteldə qarşılarına 10 cür yemək düzürlər. Bizdəki kimi baza heç yerdə yoxdur. Bu dəqiqə hər yerdə 50 santimer qar var, amma meydançalarımız yamyaşıldır. Bu cür meydançada məşq edirlər. Maaşları vaxtında verilir. Sadəcə, nəsə çatmır və çatışmazlığı araşdırıb ortadan qaldırmaq lazımdır”.

"Qəbələ” fanatı, baş məşqçiyə fevrala qədər vaxt verdiklərini də söyləyib:

"Fevralda yəqin ki, geniş şəkildə səsimizi çıxaracağıq. Yəni bir neçə oyundan sonra. İnanın ki, avrokuboklar-filan istəmirik. İstəyimiz yalnız Premyer Liqada qalmaqdır. Heç olmasa 6-7-ci yerlərdən birini tutaq ki, təhlükəli zonadan uzaqlaşaq. Bu il akademiyanın bir neçə üzvü ilə müqavilə bağladılar. Düşünürəm ki, gələn il daha yaxşı olacaq. Yetirmələrimiz oynayacaq, yeni futbolçular alınacaq. Heç olmasa ən azı liqada qalaq. Akademiyada yetişən, Şahin Şahniyarov, Eşqin kimi futbolçularımız var. Çox keyfiyyətli oyunçulardır, milli üzvləridir. Bir neçə ildən sonra daha da yaxşı olacaqlar. Yəqin ki, komanda liqada qalsa, yayda da transferlər olacaq. Adamın başı daşa dəydikdən sonra hər şeyi dərk edir. Bu dəfə transferlər zamanı bizim başımız daşa dəydi, zay çıxdılar. Ehtiyatda oturan futbolçuları alıb gətirəndə belə olur”.

O, Qəbələdə kifayət qədər azarkeş dəstəyi olmadığını etiraf etsə də, futbolçuların aldılqları maaşın qarşılığını vermələrini istəyib:

"Düzdür, azarkeş dəstəyi kifayət qədər deyil. Biri var 300, biri də var 5000 nəfərin gözü qarşısında oynayasan. Amma futbolçu bunu bəhanə etməməli, geyindiyi formanın haqqını verməlidir ki, evinə halal çörək aparsın. Azarkeş problemi, Tovuzdan başqa, ümumiyyətlə, Azərbaycan futboluna aiddir. Qəbələ dağlıq rayondur. Qaranlıq düşəndə kəndlərə getmək üçün avtomobil tapmaq çətindir. Çox şeylər var, ona görə də azarkeş baxımından çətinlik var. "Qarabağ” daim avrokuboklarda oynayır, amma ölkə çempionatındakı oyunlarına 200 azarkeş gəlir. Tovuz şəhər stadionuna yaxın elə qəsəbələr var ki, Qəbələnin yarısı boydadır. Üstəlik futbola da acdırlar. Bununla bərabər, primitiv bir misal çəkim. Tovuzdan fərqli olaraq Qəbələdəki stadionun üstü açıqdır. Dünənki oyunda hamı divarların yaxınlığına düzülmüşdü. Belə xırda problemlər var ki, üst-üstə yığılır və azarkeşlərin oyuna gəlməsinə təsir edir. Düzdür, bu, bütün səbəblərin beş faizidir, amma istənilən halda səbəbdir. Əlbəttə, "Qəbələ” uğurlu çıxış etsə, azarkeşlər buna o qədər də fikir verməz. Əvvəl necə idi? Sadəcə, indiki durum azarkeşləri çox ümidsiz edib. Stadiona gələnlərin 90 faizi fanatlardır, sıravi azarkeşlər deyil. Fanatlar hər duruma rəğmən gəlib dəstəyini verir. Futbolçularla uğursuzluq barədə kifayət qədər geniş görüşlərimiz olub. Amma bizə tutarlı səbəblər söyləməyiblər. Yeganə izahları odur ki, komanda yeni formalaşır-filan. "İnşallah”, "maşallah” deyə-deyə yola verirlər. Amma bu şəkildə düzələn deyil”.

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"