COP29

"Qəbələ" bu gün-sabahlıqdır…

16 Dekabr 2023 14:20 Qəbələ 608
"Qəbələ" bu gün-sabahlıqdır…

«Qəbələ»nin məğlubiyyət sayı bu həftə 12-yə çatdı.

Daha bir göstəricidə «hakimiyyət»i ələ aldılar. 17 tura 32 qol buraxmaq hər komandanın «hünəri deyil».

Mən bu «nailiyyət»dən dolayı «Qəbələ»də hər kəsi - rəhbərindən tutmuş ta oyunçusuna kimi hər kəsi «təbrik edirəm».

Premyer Liqadan aşağı yuvarlanmaq yolunda sürətlə irəliləyirlər.

«Səbail»ə 0:3 hesabıyla uduzdular, Elmar Baxşıyev ortalıqda görünmədi sonra. Mətbuat konfransına da gəlmədi. Adət etdiyimiz «oyunun ağır keçəcəyini bilirdik» frazasıyla başlayan çıxışını dinləmək bu dəfə bizə nəsib olmadı.

Belə də ki, Baxşıyev niyə gəlsin, lələ köçüb, boş yurdu qalıb. Başda əyləşənlər utanmır, o, utanır.

«Qəbələ» bu gün-sabahlıqdır, rəhbər heyət klubdan sonra komandanın da kürəyini yerə vurub.

Yayda özəyini itirmiş heyəti Baxşıyevin üstünə atıb gözdən itməklə, elə bildilər ki, bu həna da o hənadandır, onları sorğulayan, tənqid edən olmayacaq.

Başları «Qəbələ»nin akademiyasına məxsus avtobusları icarəyə verməyə qarışınca, yumurtadan yun qırxmaq həvəsləri güc gəlincə, Baxşıyev bugünlərə qaldı.

Tək o kontrasbda neyləyə bilər axı. Baş məşqçisini yalqız görən futbolçu, əlbəttə ki, meydanda şıllaq da atacaq, dirsək də.

Onda ruh hardan və niyə olsun, bir halda ki, Elmar Baxşıyev özü deyib, özü eşidir, dinləyən də yoxdur onu.

Rəhbərinin etinasızlığı ilə üzləşən məşqçini futbolçu dünəndən saymaz, necə ki, bu, «Qəbələ»də də belədir.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti