COP29

Bu uşağa kim o ixtiyarı verib və ya nə tez böyüdün, balaca?

12 Dekabr 2023 20:40 Qəbələ 1 992
Bu uşağa kim o ixtiyarı verib və ya nə tez böyüdün, balaca?

“Qəbələ” – “Kəpəz” oyununda Emil Səfərov meydandan qovulanda 49-cu dəqiqə gedirdi və qonaqlar hesabda 1:0 öndə idi.

Azərbaycan millisinə də cəlb olunan bu cavan oğlan meydanı vaxtından əvvəl tərk edib komanda yoldaşlarını pis vəziyyətdə qoymasaydı, matç gəncəlilərin xeyrinə olan darmadağınla yox, bəlkə də meydan sahiblərinin qələbəsi ilə yekunlaşardı.

Qırmızı vərəqə almaq suç deyil. Dünyanın ən adlı-sanlı futbolçuları da zaman-zaman komandasını çətin duruma salıb və bu hala indinin özündə də rast gəlməkdəyik. Amma baxır “qırmızı”ya və bunun kimin, hansı vəziyyətdə almasına.

Emili dünənə qədər heç kim tanımırdı. Arıq, çəlimsiz, bəstəboy, ara sıra “Qəbələ”nin oyunlarından şans qazanar, nəsə etməyə çalışardı.

Amma özündənrazı yerişi və əl-qollarını bədənindən 5 metr aralayıb gəzməsi var idi ha, elə onda bu uşağın gələcək perspektivi haqda yaxın ətrafımla söhbətdə fikrimi bildirmişdim.

Üstündən heç 2 il keçmədi ki, Səfərov illərdir içində yığılıb saxladığı “Mən böyük futbolçuyam” pafosunu “Kəpəz”lə matçda meydanın ortasına tökdü.

Sən zədəli olduğuna görə onsuz da 1 aydan çoxdur komandana kömək etmirsən. 23-cü dəqiqədə məcburiyyətdən şans qazanırsan, ilk hissəyə əlavə olunmuş dəqiqədə ilk “sarı”nı alırsan, 49-cu dəqiqədə növbəti kobudluğa görə ikinci eyni rəngli vərəqə dönüb olur “qırmızı”.

Hə, bunu bağladıq Emilin gəncliyindən doğan futbol ehtirasına, xeyli vaxtdır zədəli olmasına, komandanın hesabda geri düşməsinə, ay nə bilim, “Qəbələ”nin oyununun alınmaması və s. və i.

Qırmızı vərəqəni alandan sonra hakimlə kəllə-kəlləyə gəlmək, referiyə “ürək sözlərini” demək nə idi bəs? Bu uşağa kim o ixtiyarı verib?

Komandanı ölümcül vəziyyətə saldığına görə başını iki əli ilə tutub, özündən yaşca böyük komanda yoldaşlarından və tribunalardakı azarkeşlərdən üzr istəmək əvəzinə hakimin üzərinə yerimək cəsarətini haradan tapıb, kimdən alıb?

Hə, tipik azərbaycanlı təfəkkürü. Mən ötən mövsüm ölkə kubokunu qazanmışam, “Qəbələ”nin əsas heyət oyunçusuyam, Azərbaycan millisinin formasında 5-10 dəqiqə Lukakunun dalınca qaçmışam, Qurban Qurbanov adımı çəkib, vəssalam, mənə hər şey olar?

Sözsüz, hər bir insanın böyümək, “şişmək”, “arıqlamaq” kimi haqqı var. Amma sən hələ böyüməmisən axı. Böyümək üçün böyük yol keçməlisən, adını böyüklərin siyahısına yazdırmalısan, beyin olaraq özün də böyüməlisən.

Böyüyən bilirsən kimdir? Səndən 1 yaş balaca olmasına rəğmən, “Real Madrid”i çiyinlərində daşıyan Cud Bellingem. Sən 26 dəqiqə ərzində meydandan qovulacaq, hakimin üzərinə yeriyəcək qədər böyüyüb-böyümədiyinin fərqinə varmaq üçün Bellingemə bax, özünü onunla müqayisə et.

“Divizion”da gün keçirən həmyaşıdlarına baxıb, özünü böyük futbolçu sanmaqla irəli gedə bilmərsən, balaca.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
14 May 02:50 Mariya atasız qaldı