"Get" deyirlər, getmir!

10 Dekabr 2023 11:55 Qəbələ 2 007
"Get" deyirlər, getmir!

Cəmi 3 qələbə - yalnız bir şəriki var.

İki heç-heçə – hamıdan az.

29- qapıdan keçən top sayı. Hamıdan çox.

11 məğlubiyyət - hamıdan çox.

Bunlar «Qəbələ»nin Premyer Liqanın 16 həftəlik hesabatındandır. Elmar Baxşıyev bildirib ki, komanda uduzursa, günahkar mənəm.

Eyni zamanda, işarə vurub ki, rəhbərlik getməsini istəsə, qapını arxadan örtməyə hazırdır, sakitcə, səssiz-səmirsiz.

«Qal» var, «get» deməkdir. «Getmə» var, «qal» deməkdir.

Baxşıyev bəzən sadəlövh, bəzən tərs olur. Rəsmi heyət yayda «zəif damar»ını tapdı, əvvəlki şərtlərlə qalmasına nail oldu.

Kuboku qazanan, avrokuboklara gedən baş məşqçini həmin vaxt göndərsəydilər, el qınağına tuş gələcəkdilər.

Nə etdilər, komandanı dağıtdılar. Sözdə dəstək olub, əməldə Baxşıyevin «vayına oturdular». Pulda xəsislik edib, əsas heyətin «onurğa sütunu»nu sındırdılar.

«Qəbələ»nin pulu yox idi, guya?

Qəsdən ağlaşma qurdular, dəsmal götürüb ağlamsındılar, «yoxdur, yoxumuzdur» görüntüsü yaratdılar.

Ötənmövsümkü nəticələrin təkrarlanmayacağını bilirdilər. Baxşıyevi gözdən salmaq lazım idi, onlar da bir qədər vaxt udmaqla işləri buyerlərə gətirib çıxardılar.

Öz namizədləri var. Onu sükan arxasına əyləşdirməyi aylar öncə planlaşdırıblar. Fürsət gözləyirlər.

Komandanın içində «diversantlar»ı var. Yerlilər və legionerlər arasında.

Azarkeşlər arasında alamları var. Bir göz qırpan kimi Baxşıyevi istefaya səsləyirlər.

O, gərək uşaq olmasın, götür-qoy eləsin, anlasın ki, komandaya nəzarət başqalarının əlinə keçib. Nəyi gözləyir, kimi gözləyir, çıxış yolu ayrılıq ərizəsi yazmaqdadır.

Heç olmasa, özünü, gələcək karyerasını xilas etməsi üçün.

ELNUR

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA