"Qəbələ" mövsümdə ən inamlı qələbəsini ötən tur əldə etdi.
"Turan Tovuz"u qəbul edən "qırmızı qaralar" meydandan 4:0 hesablı üstünlüklə ayrıldı.
Oyundan əvvəlki həftə mətbuatla ünsiyyəti tamamən kəsən futbolçular bütün fikirlərini qərb təmsilçisi ilə görüşə yönəltmişdi.
Anlaşılan qərar idi.
Biz də səbrlə matç sonunu gözlədik. Öncə fransalı vinger Bilel Auşeriya yarım saata yaxın soyuq havada bizi gözləməsinə rəğmən mətbuat nümayəndələrinin suallarına cavab vermədən getmədi. Kapitan Asif Məmmədov da müsahibə təklifinə etiraz etmədi.
Vacib qələbə qazanan klubun digər üzvü Murad Musayev isə komanda yoldaşlarından fərqli olaraq danışmaq istəmədiyini bildirdi. Bu zaman aramızda kiçik dialoq da yaşandı:
- Murad, oyunla bağlı danışa bilərsən?
- Yox
- Niyə?
- Nəsə edək sonra danışarıq.
- Komanda böyük hesabla qələbə qazanıb axı…
- Rəhbərlik danışmaq qadağası qoyub. Danışsam cərimə yazılacaq.
Danışıb-danışmamaq müdafiəçinin şəxsi işidir. Mənə açıqlama vermək məcburiyyətində deyil.
Bəs danışdığı yalana nə söz?
Cəmi 1 həftə sonra "Qarabağ"la oyunda həmin Musayev mətbuat önünə keçir, sualları bəh-bəhlə cavablayır.
Söhbət 0:3 uduzan komandanın futbolçusundan gedir ha…
Bəs rəhbərlik qadağa qoymuşdu?
Olmaya həmin qadağa qələbə qazanılan oyunlar üçündür?
Məğlubiyyətdə cəh-cəh vurub danışmaq da olar, şıdırğı oynamaq da. Bərəkallah belə məntiqə...
Deyəsən, yavaş-yavaş ölkədə "Qarabağ" məğlubiyyət bəzi futbolçular üçün başucalığıdır.
0:3 uduzmaq isə böyük bir şücaət.
Axı Musayev “Turan” üzərində qələbədən sonra “Nəsə bir iş görək, sonra danışarıq” demişdi.
Yəqin ki, həmin “nəsə” cəmi 1 həftə sonra “Qarabağ”ın ikinci heyətinə darmadağın olmaqdan keçirmiş.
“Qəbələ” üçün belə başlayan “nəsə”nin Allah betərindən qorusun, Musayev!
PS: 29 yaşlı futbolçu ilk dörd turdakı ardıcıl məğlubiyyətlərdən sonra baş məşqçi tərəfindən ehtiyat skamiyaya göndərilib.
Olmaya, qələbədə susub, məğlubiyyətdə dil açmağın kökündə həm də bu məqam dayanır? Daha dəqiqin futbolçu özü bilər. Növbəti dəfə müsahibə verməkdən böyun qaçırmasa, biz də sualımıza cavab taparıq.
XANOĞLAN İMANOV

