COP29

Açıb hər şeyi deyəcək, istefa verib gedəcək…

5 Dekabr 2023 14:40 Qəbələ 1 158
Açıb hər şeyi deyəcək, istefa verib gedəcək…

I Liqanın gələnilki yarışmaçıları arasında «Qəbələ»ni görmək istəməzdim.

Hələ də ağlım almır ki, cəmi 5-6 ay öncə ölkə kubokunu qazanmış komandanı necə dağıtdılar, hansı ağılla dağıtdılar.

Rəhbərlik Elmar Baxşıyevə nətəhər zərbə vurubsa, kələfin ucunu hələ də axtarıb tapa bilmir.

Nə illah edir, düz yola çıxara bilmir kollektivi.

Dünən «Qarabağ»dan 3 cavabsız qol «yedilər». Düzdür, «Qəbələ» o qədər də inamsız təsitr bağışlamadı, ev sahiblərinin qapısı önündə az görünmədilər, təhlükəli epizodlar yaratdılar, hətta topları bir dəfə tirdən döndü.

Yenə də meydanda cərəyan edən proseslərə hansı tərəfdən baxsan, nə qiymət vermək istəsən, «Qəbələ»nin odu söndürüb, külüylə oynadığını deməyə bilməzsən.

Mən oyundan sonra Baxşıyevin halına acıdım. Pərişan dəydi gözümə. Sanki əl-ayağı hər yerdən üzülmüş kimi gəldi mənə.

«Nə edəcəm», «necə edəcəm» suallarının əlində girinc qalmışdı bir anlıq. «Bizi bu hala salanı Allaha tapşırıram» söyləyirdi onun üz cizgiləri.

Ağır dərddir. Dözmək lazımdır?

Bitmədi ki limit? Məncə, çoxdan bitib axı.

Hər oyundan sonra gözləyirəm ki, Elmar Baxşıyev çıxıb problemləri sadalayacaq, ayağının altını qazanların adını çəkəcək və istefa qərarını açıqlayacaq.

Səbr kasası çoxdan daşıb, əslində. Amma yenə ağzına su alıb oturub. Ağlamayana «pəpə» yoxdur, gərək bunu da biz xatırladaq ona?

ELXAN

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!