
"Olimpiakos"a qarşı oyunları çox bəyəndim.
Doğrudur, nəticə onu demir, ancaq matçı izləyən hər kəs komandamıza hörmət bəsləyir".
Sportinfo.az xəbər verir ki, bunu "report"a açıqlamasında "Qəbələ"nin U-19 komandasının baş məşqçisi Famil Xəlilov UEFA Gənclər Liqasının II mərhələsində Yunanıstan təmsilçisi "Olimpiakos"a uduzduqları matçlar (0:3, 0:4) barədə danışarkən deyib.
Mütəxəssis komandanın heyətində gələcək vəd edən futbolçuların olduğunu bildirib:
"Deyirlər ki, yaxşı oyunçular çətin qarşılaşmalarda özlərini göstərənlərdir. Məncə, futbolçularımız ən yaxşı sözlərə layiqdirlər.
Səfərdə "Olimpiakos"a 0:4 hesabı ilə uduzduğumuz görüşün icmalını yaxın günlərdə paylaşacağıq. Hər kəs də qiymət verər.
Ümumiyyətlə, I və II mərhələlərdə oyunçuların cəsarətli və baxımlı futbolu məni çox sevindirdi".
Baş məşqçi növbəti mövsümdə də Azərbaycanı bu turnirdə təmsil etmək istədiklərini söyləyib:
"Vəsiqə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Çünki bu işdə böyük təcrübəyə sahibik. Artıq 8 ildir ki, bu atmosferdə oynayırıq".
“Qəbələ” I təsnifat mərhələsində Macarıstanın “Puşkaş Akademiya” klubunu üstələyib – 1:1, 1:0.