
Belçika – Azərbaycan matçından sonrakı mətbuat konfransında yaşananların tüstüsü çəkilmək bilmir.
Millimizin baş məşqçisi Canni de Byazi ona yönələn haqlı iradları qəbul etməyərək azərbaycanlı jurnalistləri axmaq adlandırıb, zalı yarımçıq tərk etməklə 0:5 hesablı məğlubiyyəti unutdurmağa çalışdı.
Məlum hadisənin yad ölkə Belçikada yaşanması hər nə qədər xoşagəlməz hal kimi tarixə düşdüsə, bunu 67 yaşlı məşqçinin, həm də İtaliyadan olan birinin etməsi rəzalət idi.
Brüsseldə yaşanan həmin hadisə ölkədə böyük səs-küyə səbəb olub ki, hər kəs de Byazinin təcili göndərilməli olduğunu iddia edir.
“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev də bununla bağlı açıqlama verib.
O, Sportinfo.az-a açıqlamasında təcrübəli həmkarının media mənsublarına münasibətini dəyərləndirib:
“Baş məşqçi reaksiyasını aqressiv şəkildə büruzə verib. Mətbuat konfransında baş verənləri izlədim, açıqlamaları oxudum.
Təbii ki, normal münasibət deyil. Məşqçilər media nümayəndələrinin suallarına təmkinlə cavab vernəlidir. Qarşılıqlı hörmət olmalıdır”.
Daha öncə Premyer Liqada çalışan məşqçilər – Samir Abasov, Ayxan Abbasov və Azər Bağırov da saytımıza açıqlamalarında de Byazinin əməlini pisləmişdi.
HƏBİB