AKTUAL BÖHRAN - Qoy 1-2 ay da qalıb işləsin, sonra da…

3 Noyabr 2023 14:40 Qəbələ 893
AKTUAL BÖHRAN - Qoy 1-2 ay da qalıb işləsin, sonra da…

Şən futbol, bəd futbol, nə bilim, toy futbolu, yas futbolu…

Bunlar gərək artıq bizim gündəmimizdən çıxsın.

Belə söhbətləri eşidəndə məni gülmək tutur, ta özümü saxlaya bilmirəm.

«Qəbələ»ni öyürlər ki, şən futbolu oynayır, onu oynayır, bunu oynayır. Kim(lər) ki bu cür fikirlər səsləndirir, onlar əslində «Qəbələ»nin mehriban düşmənləridir.

Öz payıma deyirəm ki, hərdən realist olmalıyıq, turnir cədvəlinə nəzər salmalıyıq, tablonu görüb danışdıqlarımıza fikir verməliyik, nağıllar aləmindən ayrılmalıyıq.

Elmar Baxşıyev yenə xəyal dənizində özünü günə verər, rəhbərliyinə yenə inana bilər, şəxsi işidir. Fakt budur ki, «Qəbələ» aşağı sıralarda qərarlaşıb və Premyer Liqanı tərk etməyə namizəddir.

Bu komanda çempionatda yer tutub avrokuboklara getməyəcək. Mərc etməyi xoşlamasam da, klubun istənilən şəxsi ilə mübahisə etməyə, proqnozumu əsaslandırmağa hazıram.

«Qəbələ» olsa-olsa, kubok vasitəsilə sensasiyaya imza atıb, Bakıdan o tərəfə çıxa bilər. Hələ bunun özü də mənə az inandırıcı gəlir.

Elmar Baxşıyev «Qəbələ»ni liqada tutsun, I Liqanın yolçusu etməsin, bu rəhbərliyə ən böyük yaxşılığını etmiş olar.

Düzdür, VİP-lojada əyləşənlər öz baş məşqçilərinn qədir-qiymətini bilmirlər, o dəyəri vermirlər, amma Baxşıyev ən azı 1-2 ay da qalıb işləməlidir.

2024-ə nə qalıb ki… Bu heyət yararsız və qısırlıdır.

«Sumqayıt»ın əlindən zorla qurtulan, layiq olmadığı halda 1 xalı qazanan komandanın əyər-əskiyi kifayət qədər çoxdur.

Sumqayıtdakı qarşılaşmanı tribunadan izləyən klub mənsubları, yəqin ki, Baxşıyevin necə əziyyət çəkdiyini, oyuna müdaxilə etmək imkanının olmadığını gördü.

Ürəkləri sızıldadımı? Heç olmasa, buna ümid edirəm.

MUSA

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA