“Ayın qolu olacaq? Yox, inanmıram” – Qapısına möhtəşəm qol vurulan qapıçı

26 Oktyabr 2023 16:40 Qəbələ 1 038
“Ayın qolu olacaq? Yox, inanmıram” – Qapısına möhtəşəm qol vurulan qapıçı

Turnir cədvəlindəki vəziyyətini yaxşılaşdırmağa çalışan “Qəbələ” 10-cu turu məğlubiyyətlə başa vurdu.

Bölgə təmsilçisi doğma meydanda “Araz-Naxçıvan” önündə darmadağın oldu – 1:4.

Hesabın bu cür olmasında heç şübhəsiz qəbələlilərin matçı 9 nəfərlə bitirməsinin rolu var idi. Halbuki, “Qəbələ” azlıqda qalana qədər meydanda diqtə edən tərəf idi və 2-3 real qol fürsəti yaxalamışdı.

Komandanın qapıçısı Rəşad Əzizli Sportinfo.az-a açıqlamasında ağır məğlubiyyəti şərh edib:

“Oyuna çox yaxşı başlamışdıq. Özünüz də gördünüz ki, 100 faizlik neçə qol şansımız oldu.

Bu hesabla uduzmaq yox, heç məğlub olacağımızı belə ağlımdan keçirmirdim. Çünki açıq-aşkar üstün futbol göstərirdik.

Birinci qırmızı vərəqə, ardınca cərimə zərbəsindən buraxdığımız qol uşaqlara təsir etdi. Amma toparlandıq, bərabərlik qolunu vurduq.

Hətta hesab 1:1 olanda da hücum edirdik, qol vurmaq istəyirdik. İkinci “qırmızı”dan sonra artıq geriyə yol qalmamışdı”.

Rəşad komandadakı əsas problemin qol vurmaqla bağlı olduğunu deyərək, bəzi epizodlardakı şanssızlığı bəxtlə əlaqələndirib.

“Araz-Naxçıvan”la matçda Rəşadın diqqət mərkəzinə düşdüyü epizod rəqib futbolçu Mohammed Kadirinin vurduğu qol zamanı Azərbaycan millisinə də dəvət alan qapıçının zərbəyə reaksiya göstərməməsi idi.

29 yaşlı futbolçu həmin anı şərh edib:

“Çox çətin top idi. Zərbə anında topa baxırdım. Gördüm ki, çox yuxarı gedir, qapının üstündən aşacağını düşündüm.

Və bir anda qapıya daxil oldu. Açığı, top qəribə trayektoriya ilə gəldi deyə reaksiya verə bilmədim.

Bunu deməklə özümə bəraət qazandırmaq istəmirəm. Qapıma o cür top giribsə, təbii ki, səhvim var.

Sadəcə, çətin top idi. Amma yenə də zərbəni dəf etmək lazım idi. Ayın qolu olacaq? Yox, buna inanmıram”.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA