“Qəbələ”də ilk qolunu vuran Samuel Tetteh Sportinfo.az-a müsahibə verib.
27 yaşlı Qanadan olan hücumçu “Araz-Naxçıvan”a böyük hesablı məğlubiyyətdən sonra (1:4) sualları cavablandırıb.
- Oyundan əvvəl kimsə bu cür hesabla məğlub olacağınızı desəydi, təsəvvür edə bilərdin?
- Nəinki bu, bütün oyunlarda məqsədimiz qələbə qazanmaq olur. Rəqibin adına baxmadan meydana 3 xal üçün çıxırıq. Çünki oyun fəlsəfəmizə və komandamızın gücünə inanırıq. Bu gün gözləmədiyimiz hadisələr cərəyan etdi, yekunda bu hesabla məğlub olduq. Matçı 9 nəfərlə başa vurursansa, hədəfə çatmaq çox çətindir. Amma yenə də başımızı dik tutmalı və növbəti görüşlərdə əlimizə düşən imkanlardan maksimum yararlanmalıyıq.
- Hansı anda meydanı xalla tərk edə bilməyəcəyini anladın? İlkin Qırtımov qovulanda, yoxsa Osama Xalayla “qırmızı” alanda?
- Birinci “qırmızı”dan sonra döyüşürdük, güc göstərirdik, qol imkanları yaradırdıq, hətta qol da vurduq. 10 nəfərlə bəlkə də matçı heç-heçə başa vura bilərdik. Ancaq Osama çıxandan sonra işimiz lap çətinləşdi. Azlıqda qalanda rəqib təzyiqi artırır, ardıcıl hücumlar edir, sən isə ancaq müdafiə olunursan və istər-istəməz səhvlərə yol verirsən.
- Osama demişkən, ilk hissədə iki real qol şansını boşa verdi, üstəlik, yersiz vərəqələrdə komandanı azlıqda qoydu. Futbolçular ona əsəbi idi?
- Yox-yox. Bu cür davranış doğru olmaz. Çünki hər birimiz səhvə yol verə bilərik. Hücumçu qapıya zərbə vurursa, qol vurmağa cəhd edirsə və onda nəsə alınmırsa, buna görə qınamaq olmaz. Yaxud müdafiəçi və ya qapıçı səhv edirsə, üstünə getmək düzgün deyil. Bir nəfərin üstünə düşməklə heç nə edə bilmərik. Əksinə, bir-birimizi dəstəkləməli, vəziyyətdən çıxış yolu tapmalıyıq.
- Onsuz da zədəli futbolçularınız var. “Sumqayıt”la qarşılaşmada Qırtımovla Xalayla da komandaya kömək edə bilməyəcək. Nə edəcəksiniz?
- Edə biləcəyimiz bir şey yoxdur. Onlar yoxdursa, digər futbolçular şans qazanacaq. Və inanıram ki, ələ düşən fürsətdən maksimum yararlanmağa çalışacaqlar.
- “Qəbələ”də qol hesabını açdın. Qarşına qoyduğun hədəf nədir? Azarkeşlər səndən neçə qol gözləsin?
- Qarşıma qoyduğum hədəf komandama mümkün qədər kömək etmək, “Qəbələ” üçün faydalı olmaqdır. Əlbəttə, buna vurduğum qollar və etdiyim assistlərlə nail ola bilərəm. Bacardığım qədər çox qol vurmaq istəyirəm.
- 10 qol?
- Çox da ola bilər. Əvvəlki matçlarda az şans qazanırdım. Bu, ilk “11-liy”im idi və bundan maksimum istifadə etməyə çalışdım. Daha çox oynadıqca daha çox qol vuracağıma inanıram.
HƏBİB

