Qəbələdə oynayan kim, udan kim?

9 Oktyabr 2023 19:40 Qəbələ 792
Qəbələdə oynayan kim, udan kim?

Turun maraqlı qarşılaşmalarından biri Qəbələdə baş tutdu.

Burada mövsümün surpriz komandası, rəqib tanımayan "Səbail" ("Qarabağ"ı udan, "Sabah" və "Neftçi"yə uduzmayan kollektivə başqa nə ad verəsən?) son turlar özünə gəlməyə başlayan "Qəbələ"nin qonağı idi.

Ehtimal etmək olardı ki, meydanda qarşılıqlı hücumlarla keçən 90 dəqiqə izləyəcəyik. Hər halda, arxada qalan 8 turda Bayıl təmsilçisi yalnız nəticələri ilə yox, həm də ortaya qoyduğu oyunla "asan yem" olmadığını göstərə bilmişdi.

Düzdü, meydanda hücumlar gördük, amma qarşılıqsız.

Rəvan Həmzəzadənin start fitindən final fitinə kimi meydanda bir komanda vardı - "Qəbələ".

"Qırmızı qaralar" qol vurmaq üçün daha nələr etmədi ki...

Ard-arda hücumlar, yaradılan real qol epizodları bir-birin əvəzləyirdi. Amma fürsətlər xüsusilə Omar Hani, Eyyub Allaş, Osama Xalaylanın timsalında sağa-sola xərclənirdi. Ahmed Ayzayanın tirdən qayıdan zərbəsini demirəm.

Hər dəfə Elmar Baxşıyev başını tuturdusa, Şahin Diniyev bəxtinə minnətdar olurdu.

Eyyub Allaş sona təxminən 10-12 dəqiqə qalmış boş qapını yox, kənarı "nişan" alanda qolun yetişdiyi dəqiq idi.

Amma qonaqların timsalında. Axı futbol bu qədər epizodları qaçıran komandanı sevmir. Zaman-zaman belə məqamlarda "vurmayana vurarlar" prinsipi işə düşüb.

Bu dəfə də yazılmayan qanun özün futbol tarixinə Qəbələdə yazdırdı.

Diniyevin ehtiyatdan meydana buraxdığı Rüfət Abdullazadə yaxşı zərbə ilə son saniyələrdə bir xala sevinməyin planların quran komanda yoldaşlarına çox vacib 3 xal qazandırmış oldu.

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA