
"Qəbələ" yavaş-yavaş özünə gəlir.
Yayda sökülüb-yığılan klub startda dörd ardıcıl məğlubiyyət alınca ən optimist futbol adamı da region komandası ilə bağlı ümidsizliyə qapılmışdı.
Haqqsız da deyildilər. Təsəvvür edin ki, startdakı 4 turda "qırmızı qaralar" buraxılan 11 qolun qarşılığında cəmi 1 qolla yadda qalmışdı.
Deməli, müdafiə xaos, hücum da ondan geri qalmırdı.
Amma sonrakı 4 matçda Baxşıyev xoş olmayan tendensiyanı müsbət məcrəya dəyişə bildi.
Bunda qapının Rəşad Əzizliyə tapşırılması az rol oynamadı. Uzunmüddətli zədədən qayıdan qolkiper tam sağalmadan çərçivədə yerini aldı.
Belədə müdafiə daha inamlı təsir bağışlamağa başladı. Təsadüf deyil ki, ilk 4 qarşılaşmada 11 qol buraxan kollektiv son 4 görüşdə cəmi 4 qol buraxıb.
Arxa xəttin etibarlılıq faizinin artmasında sağ cinahın daha enerjili Rauf Hüseynliyə, həmin mövqedə görməyə alışdığımız İlkin Qırtımovun stoper mövqeyində çıxış etməsini də qeyd etməmək olmaz.
Rauf cəld və sürətli olması ilə cinaha dinamika gətiribsə, Qırtımov təcrübəsi ilə müdafiə zonasını bir xeyli nizama sala bilib.
Əvəzində ilk 4 turda 1 qol vuran ön xətt son 4 görüşdə 5 qolla yadda qalıb.
Hücum fazasındakı müsbət sıçrayış isə birmənalı olaraq yenilərin adaptasiya prosesini tədircən arxada qoyması ilə bağlıdır.
Məsələn, Bilel Auşeriya turdan-tura daha parlaq çıxış etməkdədir. İnkişafı belə sürətlə davam etsə, cinahda qarşısıalınmaz fiqura çevrilə bilər. Sürətli və çevik olan vinger yaxşı keçidlərlə yadda qalmağı bacarır.
Zədədən yeni qayıdan Zurab Oçiqava da xoş sözləri haqq edir. Mərkəz müdafiəçisi kimi görməyə alışdığımız ukraynalı iki oyundu çıxış etdiyi sol cinahda komandanın gücünə əməlli-başlı güc qatıb.
Osama Xalayla 2 oyun ehtiyata göndərilməklə sanki yenidən dirilib. Taran tipli forvard bir qədər ağır olmasına baxmayaraq ağıllı oyunu və yaxşı cüssəsi ilə rəqib müdafiəçilərə çətin anlar yaşada bilir.
Hələki Lukas Afriko, Abramov Gilad, Əyyub Allaş gözləntilərin altında performans göstərirsə, Samuel Tetteh adaptasiya prosesini arxada qoymaqla məşğuldur.
Oyundan-oyuna Baxşıyevin sistemi, mexanizmi işlək hala düşməkdədir.
Əgər gözləntilərin altında qalanlar da istənilən səviyyəyə gəlsə, əminliklə demək olar ki, "Qəbələ" yenidən avrokuboklar üçün mübarizəyə rəng qatacaq. Bəlkə də qalibi olacaq.
İndi asanlıqla demək olar ki, bölgə klubun siyahıdan silmək tezdir. Həm də çox tez.
XANOĞLAN İMANOV