COP29

Portuqaliyadan gələn “Qarabağ”da bir nəfərin adını çəkdi

1 Oktyabr 2023 15:15 Qəbələ 5 943
Portuqaliyadan gələn “Qarabağ”da bir nəfərin adını çəkdi

“Bu oyunla bağlı danışmaq üçün çox mövzu var. Həqiqətən yaddaqalan axşam idi”.

“Qəbələ”nin fransalı futbolçusu Bilel Auaşeriya Sportinfo.az-a açıqlamasında komandasının “Qarabağ”a qarşı keçirdiyi görüşü şərh edib.

Premyer Liqanın 7-ci turu çərçivəsində baş tutan qarşılaşmanın ilk 11 dəqiqəsində 2 top fərqi ilə önə keçən ağdamlılar ilk yarının sonlarında Kevin Medinanı itirməklə azlıqda qaldı.

Bölgə təmsilçisi say üstünlüyündən yararlanıb həm təzyiqi artırdı, həm də hesab arasındakı fərqi azaltdı. Lunyovun qurtarışları olmasaydı, yekun hesab fərqli ola bilərdi.

28 yaşlı yarımmüdafiəçi məğlubiyyətin əsas səbəbini söyləməklə yanaşı rəqibdən çəkinmədiklərini söyləyib:

“Oyuna yaxşı başlamadıq. Diqqətsizlikdən qapımızda ardıcıl 2 qol gördük. “Qarabağ” erkən qolları vurmasaydı, gedişat və sonluq başqa cür ola bilərdi.

Rəqibin gücü hər kəsə məlumdur. Buna baxmayaraq, hətta komandaların sayı bərabər olan dəqiqələrdə belə təzyiq göstərir, hesabı bərabərləşdirməyə çalışırdıq.

Onlar azlıqda qalandan sonra üstünlüyü tam əlimizə aldıq. Bərabərlik qolunu vurduq və bir neçə imkan yaratdıq. “Qarabağ”a əks-hücum imkanları da vermədik”.

Bilel meydanı xalla tərk edə bilməmələrinin səbəbkarı kimi “Qarabağ”ın qapıçısının adını çəkib:

“Dediyim kimi, 1 xala qazana bilərdik. Sadəcə bəxtimiz gətirmədi. Bu yerdə rəqibin qapıçısını qeyd etməliyəm.

Özünüz də gördünüz ki, 2-3 epizodda komandasını 100 faizlik qollardan xilas etdi. İstək və motivasiya varsa, “Qarabağ”la oyundan müsbət nəticə ilə ayrılmaq mümkündür”.

Azərbaycana gələnə qədər son 6 ildə Portuqaliya Primerasında “Moreyrense”, “Farense” və “Jil Visente” kimi komandaların şərəfini qorumuş Auaşeriya cari mövsümdə “Qəbələ”nin bütün oyunlarının iştirakçısı olub.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…