
“Qəbələ” özünə gəlir.
Yayda komandada baş verən köklü dəyişikliklər nəticələrə kəskin təsirini göstərmişdi.
Konfrans Liqasında “Omoniya”dan iki məğlubiyyət alan bölgə təmsilçisi çempionata ardıcıl dörd yenilgi ilə başlamışdı.
Lider “Zirə” üzərində əldə olunan qələbənin ardınca çətin Turan səfərindən gətirilən 1 xal komandada işlərin səhmana düşdüyünü göstərdi.
Elmar Baxşıyevin kollektivi hesabat turunda azlıqda qalan “Qarabağ”dan da xal qoparmağa yaxın idi. Andrey Lunyovun inamlı çıxışı qəbələlilərin istəyinin reallaşmasına imkan vermədi.
Komandanın aparıcı simalarından olan fransalı vinger Bilel Auaşeriya Sportinfo.az-a açıqlamasında “Qəbələ”nin hazırkı durumundan söz açaraq azarkeşlərə ümid verib:
“Çempionatın əvvəlində nəticələrin istədiyimiz kimi olmaması anlaşılan idi. Xeyli sayda yeni futbolçu gəlmişdi, hərəmiz də bir ölkədən.
Fərqli mədəniyyət, fərqli futbol istər-istəməz öz təsirini göstərməliydi. Daha çox çalışmaqla, daha çox bir yerdə olmaqla vəziyyəti yaxşıya doğru dəyişməyə çalışırıq.
Bəlkə də çox adam fikirləşir ki, “Qəbələ”nin 4 xalı var, sonuncu pillədə qərarlaşıb. Ancaq biz bu cür davam etməyə imkan verməyəcəyik.
Cəmi 7 tur geridə qalıb və rəqiblərlə aramızdakı xal fərqi elə də çox deyil. Rəqibin adına baxmayaraq hər oyuna qələbə üçün çıxırıq.
“Qarabağ”la görüşdə də niyyətimiz 3 xal idi. Dayanmaq fikrimiz yoxdur.
Allahın izni ilə qış fasiləsinə qədər “Qəbələ”nin durumu indikindən qat-qat yaxşı olacaq. Görəcəksiniz”.
Azərbaycana gələnə qədər son 6 ildə Portuqaliya Primerasında “Moreyrense”, “Farense” və “Jil Visente” kimi komandaların şərəfini qorumuş Auaşeriya cari mövsümdə “Qəbələ”nin bütün oyunlarının iştirakçısı olub.
HƏBİB