Azərbaycan Premyer Liqasının 7-ci turu çərçivəsində baş tutan "Qəbələ” - "Qarabağ” matçı maraqlı olması ilə yanaşı, gərginliyi ilə yadda qaldı.
Gərginlik demişkən, bu baxımdan ən diqqət çəkən hadisələr 37-ci dəqiqədə yaşandı.
Hər şey "Qarabağ”ın müdafiəçisi Kevin Medinanın rəqib futbolçu Bilel Auşeriya ilə mübarizəsindən sonra oldu.
Öncə Bilel Medinanı vurdu, kolumbiyalının cavabı sərt olunca ara əməlli-başlı qarışdı.
Münaqişəyə texniki zonada yer alan məşqçilər və futbolçular da qarışınca qalmaqal böyüdü.
Nəticədə "Qarabağ”dan Medina, "Qəbələ”dən isə köməkçi məşqçi Rasim Ramaldanov qırmızı vərəqə gördü.
Elmar Baxşıyevin yardımçısı başverənlərlə bağlı Sportinfo.az-a danışıb:
"Meydançaya tərəfləri ayırmaq üçün daxil olmuşdum. Daha sonra Medinaya tərəf getdim və sadəcə dedim ki, niyə belə aqressiv vurdun? Hakim də buna görə qırmızı vərəqə verdi.
Qarşılaşmadan sonra soruşdum ki, mənə niyə qırmızı vərəqə verdin? Dedi ki, dava eləmsin və kameraya düşüb. Açığı, onun fikirləri özümə çox maraqlı oldu (gülür)".
Hadisələrin içində rəqib baş məşqçi Qurban Qurbanov da vardı. Sanki o, sizə nələrsə demək istəyirdi. Ramaldanov təcrübəli mütəxəssislə aralarında ciddi nəsə olmadığını bildirib:
"Qurban Qurbanovla aramda böyük heç nə baş vermədi. Sadəcə mənə yaxınlaşıb, nə baş verdiyini soruşdu".
Gənc mütəxəssus sonda hakimlərə də səslənib: "Məncə, hakimlərin bəzi yüngül epizodları görməməsi lazımdır. Ya da görürlərsə hamıda görmək lazımdır. Bu, şəxsi fikrimdir".
XANOĞLAN