
«Qəbələ» cari mövsümə pis başlayıb.
Konfrans Liqasına ilkin mərhələdə vida, Premyer Liqada ardıcıl dörd məğlubiyyət xoş olmayan startdır.
Təbii ki. bu, klubda nələrinsə düz/qaydasında getməməsinin əlamətidir və daxili həyatı qaynadan hadisələr üzə çıxan hissəsidir.
2004-cü ildən «Qəbələ»nin təsisçisi və sponsoru olan “Gilan Holding”in adının dəyişdirilməsi ilə yaradılmış “Xəzri Solutions” MMC ləğv olunduğunu elan edib.
“Gilan Holding”in adı bu ilin iyulunda dəyişdirilərək “Xəzri Solutions” adlandırılıb. Şirkətə Mübariz Əhmədağa oğlu Hüseynov rəhbərlik edir.
Ləğv qərarı, heç şübhəsiz, «Qəbələ»yə böyük zərbədir. Bu gedişlə klub özünə yeni sponsor axtarmalı olacaq.
Tapacaqlarmı? Heç də asan görünmür. Hər halda adı Kəmaləddin Heydərovun üstündədir.
Oğlu Tale Heydərov uzun illər prezident postunu tutub, daha sonra fəxri prezident olaraq bir qədər kölgəyə çəkilib.
Buna rəğmən, «Gilan» hər mövsümqabağı «qırmızı-qaralar»a büdcə ayırıb. Axır illər bu rəqəm 1 milyon manatı keçmirdi.
İndən belə bu pulu kim verəcək? Hələ ki, bu suala «Qəbələ»dən cavab yoxdur…
Hər şey bir kənara, artıq funksionerlər və məşqçilər də bir-birinin ardınca «Qəbələ»ni tərk edir. Akademiyanın büdcəsi ilbəil azalmaqdadır və nisbətən yaxşı məşqçilərin hamısı buradan uzaqlaşmaqdadır.
Uzun illər ərzində müxtəlif yaş qrupları üzrə komandaları çalışdırmış və müsbət nəticələr qazanmış Ülfət Mədətov kimi mütəxəssis «Turan Tovuz»a gedirsə, başa düşün ki, «Qəbələ»də vəziyyət necə acınacaqlıdır.
Hələ onun kimi neçə məşqçi var! Proses dayanana oxşamır və bir az da belə davam eləsə, yəqin ki, bölgə təmsilçisi akademiyanın qapısından yekə qıfıl asacaq.
Klubun əvvəlki uğurlarında böyük pay sahibi olmuş Zaur Əzizov 2021-ci ilin dekabrında «Neftçi»nin yolunu tutdu.
13 il media və marketinq meneceri vəzifəsində çalışmış Anar Hacıyevin 13 illik «Qəbələ» macərası da dünən rəsmən başa çatdı. Tanınmış həmkarımız indən belə fəaliyyətini «Qarabağ»da davam etdirəcək. Mətbuat xidmətinin rəhbəri olaraq.
Səbuhi Səfiyarlı, Səməd Nəsibov kimi as idarəçilər də illər öncə «Qəbələ»dən ayrılıb və klub faktiki olaraq ağzıgünə qalıb.
Daha kim var ki..?
Desək ki «Qəbələ»nin üzləşdiyi vəziyyət yalnız Heydərovlar ailəsinin yaxasını kənara çəkməsi, büdcənin azalması ilə əlaqədardır, bu, doğru olmaz.
Burada mühit çox ağır və gərgindir. Klubun «dərinliklər»indən redaksiyamıza bu yöndə o qədər mənfiyönlü məlumatlar gəlir ki…
Belə anlaşılır ki, «Qəbələ» bir qrup qohum-əqrabanın «çörək ağacı»na çevrilib və yalnız onlar pul qazanır, qalanları isə qəpik-quruşa möhtacdır.
Kim maaşının artırılmasını istəyir, işdən çıxarılmaq təhdidi ilə qarşılaşır. İstər məşqçisi olsun, istər funksioneri, isətrsə də adi əməkdaşı.
Anar Hacıyev 3 ay öncə, kubokun finalında «Neftçi» üzərində qazanılan qələbədən sonra tribunadan enib meydanın mərkəzinə Useyn Bolt kimi qaçan adamdır, normal əməkhaqqı alsaydı, heç şübhəsiz, düşərgəni dəyişməyə razılaşmazdı.
Hacıyev «Qəbələ»nin bəlkə də sonuncu mogikanıdır. Axır 2-3 ildə kluba irili-xırdalı nə sponsor gəlibsə, hamısı onun zəhmətidir.
Media və mərketinq sektorunda «bişmiş» kadrdır. Layiqli biridir ki, məşhur ingilis Toni Adams toyunda qol qaldırıb 1 saat Azərbaycan mahnısına oynamağı özünə borc saydı.
«Qəbələ» bu cür işçisinin qədrini bilmirsə, axırı yaxşı olmayacaq, tezliklə dəyərini tamamilə itirəcək.
Çox çəkməz, Elmar Baxşıyev də əşyalarını toplayar və gedər. «Qəbələ»nin son brendi elə odur. Getmək üçün əsası da var.
Komandaya hər ay avro-bilet qazandıran məşqçidir, gəl ki, rəhbərlik onu da incidir. Sözdə «dastan» bağlayırlar, gerçəkdə normal çalışmasına əngəllər yaradırlar.
İstəsəydilər, müqaviləsi bitən aparıcı legionerlərlə yeni müqavilə bağlayardılar. O heyət qalsaydı, «Qəbələ» Konfrans Liqasında «Omoniya» tərəfindən biabır edilməzdi, daha 1-2 mərhələ adlayardılar.
Kimlərsə ordan-burdan, klubun iritutumlu nəqliyyat vəsitələrini marşrut avtobusu kimi istifadə eləyib pul qazanmalıdır, həqiqi iş görənlər əziyyət çəkməlidir.
Hələ desinlər görək, gedənlərin neçəsi «Qəbələ»yə halallıq verib?
SPORTİNFO.AZ