
Osama Halayla “Qəbələ”nin yay fasiləsində heyətinə qatdığı simalardandır.
İsrailli forvard ilk gündən əsas heyət üzvünə çevrilə bildi.
O, arxada qalan müddətdə komandasın bütün matçlarında (6 oyunda) start heyətində meydana çıxsa da yalnız bir qolla yadda qalıb.
25 yaşlı legionerin bu minvalla start heyətdəki yerini itirəcəyi mütləq idi.
Elmar Baxşıyev onunla bağlı radikal qərara “Zirə” ilə sonuncu turun matçında gəldi.
Baş məşqçi qələbə qazandıqları qarşılaşmada (1:0) nəinki onu ehtiyatda saxladı, ümumiyyətlə sona kimi meydana buraxmadı.
Məntiqli olaraq oyundan sonrakı mətbuat konfransında futbolçunun durumu ilə bağlı Baxşıyevə sual ünvanladı.
Çalışdırıcı isə bir qədər üstüörtülü cavab verməklə yadda qaldı:
“Narahatlığı yoxdur. Mənim prinsiplərim var. Futbolçular buna uyğunlaşmalıdır. Özü niyə oynamamasının səbəbini bilir”.
Təbii ki, belədə hamının ilk ağlına gələn, görəsən, tərəflər arasında hər hansı mübahisə, dava-dalaş olub?
Amma klubdan əldə etdiyimiz məlumata görə, qərarın kökündə başqa səbəb durur.
Belə ki, Halaylanın ehtiyata göndərilməsi artıq çəki ilə bağlıdır.
Bu o demək deyil ki, durum uzun müddət belə davam edəcək.
Məşqçinin "Qara siyahı"sına düşməkdən söhbət gedə bilməz.
Əgər Halayla bundan dərs çıxarsa qısa müddətdə yenidən əsas heyətə qayıda bilər.
XANOĞLAN / SPORTİNFO.AZ