
“Qəbələ” yeni mövsümə heç kimin gözləmədiyi şok məğlubiyyətlərlə start verdi.
Düzdü, yayda yenilənən heyətin özünə gəlməsinə müəyyən zaman lazım olacağı şübhəsiz idi.
Amma daha adaptasiya dövründə ardıcıl məğlubiyyətlər yaşanacağı yox.
“Sabah”a darmadağın olan (0:5) bölgə klubuna ardınca “Sumqayıt”, “Araz Naxçıvan” kimi münasib rəqiblərlə oyunlarda da xal qazanmaq mümkün olmamışdı.
Hətta 20 dəqiqə azlıqda qalan “Neftçi” də Elmar Baxşıyevin komandasından 3 xalı qopara bilmişdi.
Nəhayət, “qara zolaq” liderlə matça başa çatdı.
Doğma meydanda mövsümü itkisiz irəliləyən “Zirə”ni qəbul edən region klubu gözlənilmədən ilk qələbəni aktivinə yazdıra bildi.
Əvvəlki matçlardan daha dinamik, mübariz təsir bağışlayan “Qırmızı qaralar” ilk hissədə Rauf Hüseynlinin vurduğu qolla matçı qalib tərəf kimi başa vurdu.
Milli komandaların oyunlarına görə yaranmış fasiləyə belə qələbə ilə yollanmağın dəyəri başqadır.
Lakin düşünürəm ki, bu qələbə rəhbərliyi arxayınlaşdırmamalıdır.
Əksinə yeni transferlərə həvəsləndirməli, hərəkətə gətirməlidir.
Hətta komanda qalib gəldiyi oyunda boşluqlar gözdən qaçmadı.
Ehtiyat qüvvə çox yetərsizdir. Təcrübəli mütəxəssis oyuna müdaxilə imkanları indi ötən illə müqayisədə daha da daralıb.
Düzdür, son olaraq Samuel Tette heyətə cəlb olundu. Qanalı forvardın gəlişi Baxşıyevin əl-qolunu bir qədər açmasına imkan yaradacaq.
Ancaq minimum 1-2 futbolçunun gəlişi yerinə düşər.
Son oyun göstərdi ki, toparlanmaq, uğursuzluqları unutmaq, yenidən uğurlu qrafik cızmaq olar. Hətta ardıcıl üçüncü dəfə surpriz edib avrokuboklara getmək də olar.
Yetər ki, heyət bir qədər güclənsin.
Məncə, belədə mövsümü 1-2 oyunçuya qurban verməyə dəyməz.
XANOĞLAN İMANOV