“Qəbələ” – “Zirə” qarşılaşmasında diqqətlər bölgə təmsilçisinin sabiq futbolçularında idi.
Əsas heyətdə meydana çıxan belələrinin sayı isə üç idi: Qismət Alıyev, Məqsəd İsayev və Ruan Renato.
Məqsəd oyunu problemsiz başa vurdusa, Ruan hakimin final fitindən sonra fitə basıldı. Qismətə gəlincə...
Ötən mövsüm Qəbələdə baş tutan oyunlardan birində azarkeşlərlə insident yaşayan kapitan bu dəfə də diqqət mərkəzinə düşdü.
Epizodların birində futbolçular arasında münaqişə yaşanarkən tribunalardan sərt təpki gəldi ki, Alıyev üzünü yerli tərəfdarlara tutub sərt reaksiya verdi.
Oyun başa çatandan sonra nəzər nöqtəsində Qismətlə azarkeşlər idi.
“Zirə”li paltardəyişmə otağının yolunu tutanda ayaq saxladı, tribunaya yaxınlaşdı və ona etiraz edən fanatlardan birini yanına çağırıb nə baş verdiyini soruşdu.
Azarkeş problemin ondan qaynaqlandığını, Qismətin illərlə formasını geyindiyi komandanın azarkeşlərinə olan aqressiyasının səbəbini soruşdu.
Müzakirənin münaqişəyə çevrilməməsinin qarşısını “Qəbələ” rəsmisi Səbuhi Qarayev aldı. Qarayev Qisməti paltardəyişmə otağına yolladı, narazı azarkeşləri sakitləşdirdi.
Hesabat turunda baş tutan “Qəbələ” – “Zirə” görüşündə meydan sahibləri Rauf Hüseynlinin vurduğu qolla qələbə qazandı.
HƏBİB / SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

