
«Qəbələ» haqda nə demişdimsə, hamısı yavaş-yavaş öz yerini tapır.
Bu komandanı hesabdan silməyin tez olmasını bəribaşdan qeyd etmşdim. Hətta ardıcıl dörd məğlubiyyət də bəndənizi tərəddüdə salmamışdı.
Birinci Liqanın yolunu tutacaq ən bədbəxt iştirakçı «Qəbələ» olmayacaq. Premyer Liqada qalmaq uğrunda mübarizədə mən «Qəbələ»ni təsadüfən favorit hesab etmirəm.
Yenilənən heyət bu tapşırığın öhdəsindən gələcək gücdədir.
Funksionerlər Elmar Baxşıyevin əl-ayağına dolaşmasa, çəkilib bir kənarda dayansalar və yalnız özlərinə düşən işlərlə məşğul olsalar, beşinci, altıncı, yeddinci yerlərə də qalxa biləcəklərini istisna etmirəm.
Görürsüz, avrokuboklara vəsiqə şansından danışmıram. Və bu haqda danışmağı, ümumiyyətlə, artıq sayıram. Gərək dünyanın səkkizinci möcüzəsi baş versin onda.
Klubun prezidenti Elmar Baxşıyevlə yolların ayrılmasının yeganə şərtini açıqlayıb - aşağı liqaya yuvarlansalar, Bu təhlükə də uzaqdır, çox az inandırıcıdır.
Mövsümə uğursuz startın səbəbkarı kimi kim baş məşqçini nişan verərsə, böyük yanlışı onun özü edər.
Kütləvi «yarpaq tökümü» idarəçilərin doğru planlaşdırma etməməsindən qaynaqlanır və indi onların borcudur ki, Elmar Baxşıyevin arxasında dayansınlar, qorusunlar.
Bunu dildə demək yox, əməldə göstərmək lazımdır. Və təkcə udulan oyundan sonra çıxıb ona dəstək xarakterli danışmağı da düzgün hesab etmirəm.
Bu səpgili bəyanatların ən doğru zamanı «Omoniya» ilə cavab qarşılaşmasından dəqiqələr sonrası idi.
Həmin vaxt Baxşıyevin yanında görsənsəydilər, bu qədər məğlubiyyət də qeydə alınmazdı.
ELNUR