
"Qəbələ"nin yay fasiləsində heyətinə qatdığı futbolçulardan biri də Zurab Oçiqava oldu.
"Sabah"dan ayrılan müdafiəçi ilə 2 illik müqavilə imzalanıb.
Amma ukraynalı legioner arxada qalan müddətdə hələ də yeni komandasında debüt edə bilməyib.
Buna səbəb transferin baş tutmasından az sonra onun əməliyyat keçirməsi olmuşdu.
Bərpa dönəmini arxada qoyan arxa xətt oyunçusu, nəhayət dünən bölgə klubunda debüt edib.
Amma əsas yox, əvəzedici komandada.
"Zirə-2"ni qəbul edən "qırmızı qaralar" Oçiqavaya da oynama imkanı verib.
O, zirəlilərlə bərabərliklə bitən (1:1) qarşılaşmada 90 dəqiqə meydanda olub.
Məqsəd futbolçunun daha erkən hazır olub, əsas komandaya kömək edə bilməsidir.
28 yaşlı oyunçu Azərbaycan Premyer Liqasının son üç mövsümündə 34 matçda 2 qol vurub.
O, karyerası ərzində Ukraynada "Mariupol", Kiyev "Dinamo"su, "Olimpik", "Dnepr-1", "Vorskla" və Estoniyada "Levadiya"nın da şərəfini qoruyub.
Oçiqava Ukraynanın U-20 və U-21 milli komandalarında da forma geyinib.
XANOĞLAN / SPORTİNFO.AZ