
«Komandaya yeni hücumçu gətirməli olduğumuzu demişəm və indi də gözləyirəm».
Bu sözləri Sportinfo.az-a açıqlamasında «Qəbələ»nin baş məşqçisi Elmar Baxşıyev deyib.
Premyer Liqanın ilk dörd həftəsində məğlubiyyətlə üzləşən «qırmızı-qaralar» daha bir transfer gerçəkləşdirmək niyyətindədir.
Gənc çalışdırıcı, əslində, 2-3 əlavə oyunçuya ehtiyac duyduqlarını, lakin klubun büdcəsinin buna imkan vermədiyini bildirib:
«Heç olmasa, ön xəttə bir legioner almalıyıq. Bu məsələ sentyabrın 5-dən sonraya da qala bilər.
Yəni ki, «transfer pəncərəsi»nin bağlanmasının buna aidiyyatı yoxdur. Baxdıqlarımızın hamısı azad agent statusu daşıyan futbolçulardır.
Kimi götürsək, sərbəst olacaq. Rəhbərlik də görür ki, komandanı gücləndirməliyik.
İndi mətbuat tərəfindən təzyiqə məruz qalan bir neçə yeni legionerimiz var ki, mən onların da qısa müddətdən sonra adından söz etdirəcəyinə əminəm».