
«Qəbələ» yeni mövsümə biabırçı start verib.
«Omoniya»ya hər iki oyunda uduzaraq Konfrans Liqası ilə erkən vidalaşan «qırmızı-qaralar» Premyer Liqanın ilk 4 həftəsində də məğlub olub.
«Sabah», «Araz-Naxçıvan», «Sumqayıt» və «Neftçi»yə yenilən ölkə kubokunun son sahibi heç cür «qara zolaq»dan çıxa bilmir.
Baş məşqçi Elmar Baxşıyevin istefaya verməyə hazır olmasını söyləməsi yeni söz-söhbətlərin yaranmasına səbəb olub.
Sosial şəbəkələrdə baş alıb gedən iddialara görə, klub rəhbərliyi gənc mütəxəssisi istefaya göndərməyə hazırlaşır və ona sonuncu dəfə xəbərdarlıq edib.
Deyilənə görə, komanda Premyer Liqanın növbəti turunda «Zirə»ni üstələməsə, onunla yollar ayrılacaq.
Bu iddiaları araşdıran saytımıza məlum olub ki, Baxşıyevi vəzifəsindən atılmaq təhlükəsi gözləmir. Klubun prezidenti Fariz Nəcəfov baş məşqçiyə dəstək verib, işbirliyinin davam edəcəyini söyləyib.
Yəni ki, qış fasiləsinədək bu məsələ müzakirəyə çıxarılmayacaq. Əsas dəyərləndirmə məhz dekabr ayında olacaq.
SPORTİNFO.AZ