Klubda bıçaq sümüyə dirənib - Rəhbərlik dəyişməlidir, ya baş məşqçi?

28 Avqust 2023 11:40 Qəbələ 4 607
Klubda bıçaq sümüyə dirənib - Rəhbərlik dəyişməlidir, ya baş məşqçi?

“Qəbələ” dərin sarsıntı içindədir.

Bütün yollar ayrılığa aparır.

Klub rəhbərliyi Elmar Baxşıyevin əldə etdiyi uğurlardan doyub və indi də yeni «macəra» həvəsinə düşüb. Ardıcıl 6 rəsmi oyundakı məğlubiyyətlərə kimsə başqa don geyindirməsin.

Komandanın yaşadığı müsibət bilavastə başda oturanların təqsiri ucbatındandır.

«Omoniya» ilə Konfrans Liqasının oyunları da daxil, «Qəbələ» Premyer Liqanın ilk dörd turunda yenilgi acısı dadıb.

Gör, gərginlik hansı həddə çatıb ki, Baxşıyev kreslodan dördəlli yapışmadığını, hər an buradan ayrılmağa hazır olduğunu söyləməkdən çəkinmir.

Beş-altı ay qabapq olsaydı, o, ömründə belə bəyanatla çıxış etməzdi. Hər günün öz hökmü var və rəsmilərin susqun ifadələri, əslində, ona «get» deyir.

Düzünü demək vacibdir: «Qəbələ» iyunun əvvəlində bu uğursuzluğun «təməlini atıb». Rəhbərlik büdcənin «qol-qanad»ını qıranda.

Komandanın simasını müəyyənləşdirən yerli və əcnəbi futbolçuların ayrılıq qərarına səssiz qalanda.

Baş məşqçiyə verdikləri vədləri yerinə yetirməyəndə. Baxşıyev getmək fikrindən dönüb başını aşağı salanda.

«Neftçi» üstün oynamadı, «Qəbələ» yenə zəif bağışladı. Lukas Afriko Ruan Renatonun ayaqqabısını geyinib, yerişini isə yeriyə bilmir amma.

Emin Səfərovun üstünə necə bağırdığını görməyənlərə epizodun vdeosunu tapıb izləməyi təklif edirəm.

Onda biləcəksiz ki, rəhbərliyin tapıb gətirdiyi Afriko, həmçinin digər legionerlər özlərini necə aparır, elə bil, ağadırlar.

Elmar Baxşıyevin əl-qolu bağlanıb ta! «Qəbələ»yə iki ildir uğur qazandırmasına rəğmən, «yuxarı eşalon» mənsubları onun əməyini yerə vurmaq kursu götürüb.

Baxşıyev zəiflik göstərib, transfer bazarına nəzarət baş menecer Nail Kərimovun əlinə keçib, seçim dairəsi daralıb, «yarımçıq» legionerlər öz bildiyini edir - day bundan artıq nə olasıdır ki?!

Çıxış yolu Baxşıyevin getməsində deyil və baş məşqçinin dəyişməsiylə işlər qaydasına düşməyəcək. İdarəçilər vəzifələri ilə sağollaşmalıdır. Bugündən başlayaraq…

ELXAN

Digər Xəbərlər
Xəbər Lenti