"Qəbələ"də labüd olan MÜDAXİLƏ

23 Avqust 2023 23:40 Qəbələ 852
"Qəbələ"də labüd olan MÜDAXİLƏ

Sonuncu ölkə kubokunun sahibi "Qəbələ" yayda heyətini didərgin saldı.

Eyni anda bölgə klubunu nə az, nə çox 10 futbolçu tərk etdi.

Məqsəd İsayev, Ramon Maçado, Səlahət Ağayev, Andrey Strijak, Rövlan Muradov, Felipe Santos, İsnik Alimi, Ruan Renato, Rafael Utziq və Rüfət Əhmədov yaxşı təkliflər qarşılığında müxtəlif klublara üz tutdular.

Əvəzində isə heyətə cəmi 7 futbolçu cəlb olundu. Yəni ayrılanlarla nisbətdə 3 nəfər az. Onsuz da ötən mövsüm bu klubun heyəti kasad idi.

Kimsə cəzalı, zədəli olanda məşqçilər korpusu başını tuturdu. Hər mövqedə aşağı-yuxarı 1 futbolçu vardı.

Belədə gedənlər yerində qalsa belə, heyət mütləq güclənməli idi.

Biz isə tam əks mənzərə görürük. Ayrılanların sayı 10, gələnlərdə isə 7.

Nəzərə alaq ki, yenilər köhnələrdən çox almır. Əksinə, arasında daha aşağı qiymətə gələnlər belə var. Yəni maaddiyat da imkan verir ki, yenilərin sayı artırılsın.

Rəhbərlik isə nədənsə susur, məsəllərdən səthi keçməyə çalışır. Görünür, yenə bel bağlayıblar baş məşqçinin fərasətinə. Axı 3 ildi klub yayda sökülüb-yığılır, amma mövsümün gedişində hər kəsi təəccübləndirməyi bacarır. İndi isə vəziyyət daha acınacaqlıdır. Çalışdırıcı da bunun fərqindədir.

Ötən ilin gedişində baş məşqçi Elmar Baxşıyev israrla "bu komandanın potensialı var", "daha yaxşı olacaq" - deyirdi. Sonda da haqqlı çıxdı. Amma indi bu sözləri də eşitmirik. Görünür, təcrübəli mütəxəssis də reallıqları yaxşı görür. Yaxşı bilir ki, bu heyətlə çətin, çox çətin olacaq. Baxşıyev bu dəfə də ortaya iş çıxarsa, şəxsən mən mat-məəttəl qalacam.

Lakin indiki mənzərə xoş gələcəkdən xəbər vermir.

Debütant "Araz Naxçıvan", problemlər burulğanında yaşayan "Kəpəz" belə "transfer bazarı"nda "Qəbələ"dən aktiv gözə çarpır.

Hər şey bir kənara, ən azından arxada qalan 3 turda alınan məğlubiyyətlər rəhbərliyi silkələməlidir. Yeni transferlər labüddür. Sonra çox gec ola bilər.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti