
Sportinfo.az xəbər verir ki, "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Premyer Liqanın 3-cü turunun "Sumqayıt"la oyununda komandasının 1:2 hesablı məğlubiyyətini şərh edib:
- Bilirdik ki, ağır oyun olacaq. İlk yarıda istədiyim komandanı görə bilmədim. Hesab 0:2 geriyə düşdükdən sonra hücumda istədiyim "Qəbələ"ni gördüm. Üç oyun uduzmuşuq. Deməzdim ki, hər şey qaydasındadır. Komanda şəklində bu vəziyyətdən çıxmalıyıq.
- Fasilədə futbolçulara nə tapşırdınız?
- Qeyri-adi tapşırıq yox idi. Mənim istədiyim odur ki, futbolçular daha aqressev, daha hücummameyilli oynasınlar. Komanda ikinci hisssədə göstərdi ki, dominant oynamağı bacarır. Şans "Sumqayıt"ın tərəfində idi.
- Komandada psixoloji problemin olduğu hiss edilir. Siz necə düşünürsünüz?
- Heç bir psixoloji təsir yoxdur. Sadəcə hansısa dönəmdə komanda şəklində konsentrasiya aşağı düşür və qapımızda qollar görürük.
- Qarşıdakı turlarda digər qapıçılara şans verməyi düşünürsünüz?
- Rəşadı ehtiyatda oturmaq üçün götürməmişik. Qarşıdakı turlarda onu da meydanda görəcəyik.
- Sənan Ağalarov əvəzedilərin çempionatında yaxşı çıxış edir. Ona şans vermək olmaz?
- Sizin istəyinizlə Sənana şans verə bilmərəm. Futbolçu o şansı qazanmalıdır. Necə ki, Mehrac Baxşəli bunu qazanıb. Nə vaxt hazır olsa, şans verəcəyik.
- Qarşıda "Neftçi" və "Zirə"yə qarşı oyunlar var. Bu durumdan çıxmaq üçün hansısa planınız var?
- Çempionat başlamamış kimdən soruşsan, deyərdi ki, "Qəbələ" 3 oyuna 9 xal yığacaq. Heç kim belə olacağını gözləmirdi. Bilirik ki, daha artığını etməliyik. Komandama ümidim böyükdür. Bu mərhələni keçəcəyik. Qarşıdakı turlarda daha yaxşı olacağıq.
- Yeni transferlər gözlənilir?
- Sonuncu yerdəyik, güclənməliyik. Heyətimiz onu tələb edir ki, hücumda yeni oyunçular lazımdır.