Qarşılayın, Premyer Liqadakılar üçün “qorxulu yuxu” gəlir

1 Avqust 2023 22:20 Qəbələ 4 291
Qarşılayın, Premyer Liqadakılar üçün “qorxulu yuxu” gəlir

Razılaşaq, təmsilçilərimizin ifasında Konfrans Liqasının startında ən maraqlı və həyəcanlı oyunu “Qəbələ” nümayiş etdirdi.

“Sabah” qalib gəldi (2:0), “Neftçi” məğlubiyyətdən son anda xilas oldu (2:2), amma bu iki komandanın 90 dəqiqəlik mücadələsində həyəcan Qəbələdəki qədər deyildi.

Mövsüm başa çatan kimi param-parça olan bölgə təmsilçisi bir ayın içində demək olar yenidən quruldu. 9 futbolçu getdi, 8-i gəldi. Və bu kollektivin “Omoniya”nın qapısına nəinki 2 top vurub, 3-4 real qol şansını boşa verməyi təsəvvür edirdik, rəqib qapısına yaxınlaşacağını belə ağlımızdan keçirmirdik.

“Qəbələ” göstərdiyi intizamlı və mübariz oyunla rəqibinə nəfəs almaq imkanı vermədi. 1:0-dan sonra ələ düşən iki imkandan biri qola çevrilsəydi, kim bilir sonluq necə olacaqdı.

Amma yenə də eybi yox. Elmar Baxşıyevin yetirmələri Nikosiyadakı oyunun yekununa əsasən mərhələ adlaya bilməsə belə, başını dik tutmalıdır.

Əlbəttə, hər bir azərbaycanlı daha yaxşısını istəyir. Lakin söhbət müasir futbolun əsas amili – puldan gedirsə, “Qəbələ”nin “Omoniya”dan geri qalması anlaşılandır.

Mənə görə sevindirici məqam təmsilçimizin Kipr səddini keçməsi deyil, açığı. Guya keçsə nə olacaq? Hara qədər gedəcək?

İndiki məqamda bu büdcə və imkanla Konfrans Liqasının qrupu şirin arzudan başqa bir şey deyil. Qrupu hədəfləyən klubun büdcəsi indikindən 2-3 dəfə artıq olmalıdır. “Neftçi”ylə “Sabah”dakı kimi.

Sevindirici məqam növbəti Premyer Liqa mövsümündə bölgə təmsilçisinin ifasında iddialı kollektiv görəcəyimizdir. “Omoniya” ilə oyunda gördüyümüz “Qəbələ” çempionatımıza rəng qatacaq, mübarizəni qızışdıracaq.

Onda nə İsnik yada düşəcək, nə Ramon, nə Ruan, nə də Utziq.

Odur ki, qarşılayın. Növbəti mövsümdə rəqibləri üçün “qorxulu yuxu”ya çevriləcək komanda gəlir. Əvvəlkindən daha güclü, daha intizamlı və daha maraqlı “Qəbələ”.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA