“Qəbələ” BU PROBLEMƏ GÖRƏ əlavə xərcə düşdü

29 İyul 2023 20:40 Qəbələ 1 056
“Qəbələ” BU PROBLEMƏ GÖRƏ əlavə xərcə düşdü

“Qəbələ”nin “Omoniya” ilə cavab görüşü üçün səfər proqramı müəyyənləşib.

Bölgə təmsilçisi oyundan bir gün əvvəl – avqustun 2-də vətəni tərk edəcək.

“Qırmızı-qaralar” səfərə çarter reysi ilə yollanacaq.

Matçın keçiriləcəyi Nikosiya şəhərində beynəlxalq hava limanı olmadığından, təmsilçimiz Bakıdan Larnakaya uçub, oradan avtobusla Nikosiyaya yön alacaq.

Oyun başa çatandan dərhal sonra isə vətənə qayıdacaq.

Əslində, “Qəbələ”nin səfər proqramı fərqli idi. Büdcə kasadlığına görə qənaət rejimi ilə işləyən qəbələlilər səfərə tranzit reysi ilə uçmağı düşünürdü.

Lakin qonşu dövlətlərdən birinə gedib, oradan Kiprə yollanmaq müşkül məsələdir.

Türkiyə mövzusu məlumdur. İki ölkə arasındakı siyasi münasibətlərə görə qardaş ölkədən Kiprə hava yolu yoxdur.

Gürcüstan variantı isə kifayət qədər uzun və yorucudur. Bakıdan Tiflisə AZAL-ın təyyarəsi ilə uçub, Gürcüstanın paytaxtında təyyarə dəyişmək lazım gəlir.

Belədə həm digər təyyarənin uçuş vaxtını gözləmək, həm də baqajların daşınması üçün vaxt itirmək gərgin oyuna yollanan komandanın planlarına daxil deyil.

Məhz bu çətinlik üzündən “Qəbələ” büdcədən əlavə pul xərcləyərək Kiprə çarter reysi ilə yollanmaq məcburiyyətində qalıb.

Avqustun 3-də GSP stadionunda keçiriləcək “Omoniya” – “Qəbələ” görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Qəbələdəki ilk dueldə kiprlilər 3:2 hesabı ilə qalib gəlib.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA