Avrokuboklar öncəsi ən azı şans tanınan komanda "Qəbələ" idi.
Bu da əsassız deyildi. Ölkə kubokunun son qalibi yay fasiləsində "qabıq dəyişdi".
Son illər alışqdığımız tanış mənzərə...
Heyət aşağı-yuxarı bütünlüklə yeniləndi. Bölgə klubu ilə bağlı qeyri-müəyyənliyin səbəbi də məhz bu idi.
Açığı, hamımız "Omoniya" ilə matçlardan əlimizi həftələr əvvəl üzmüşdük.
Gözləmə mövqeyimizin əsası isə ondan ibarət idi ki, görəsən, yenilənən "Qəbələ" necə görünəcək?
İlk sınaq büdcəsi "Qəbələ"dən 2-3 dəfə böyük, heyətində milyonluq oyunçular çıxış edən təcrübəli Kipr "Omoniya"sı olmağı işləri daha da çətinləşdirirdi.
Amma bütün çətinliklərə rəğmən, yəqin ki, 90 dəqiqəlik matçın sonu hamı eyni sual qarşısında pozitiv düşüncələrə qərq olmuş oldu.
Qısa müddətdə Elmar Baxşıyev ötənilki kollektivdən heç də geri qalmayan mübariz, döyüşkən ruhlu komanda yarada bilib.
Baxımlı futbol da öz yerində. Sadəcə adlar dəyişib. Sistem öz işini davam etdirir.
Xətlərarası əlaqələrin möhkəmlənməsi, yenilərin sistemi tam qavraması üçün zamana ehtiyac mütləqdir.
Region klubu problemlər burulğanında belə güclü Kipr təmsilçisini cəzalandırmağa yaxın idi. Təəssüf ki, şanssızlıq buna imkan vermədi.
Hər halda, duran topdan buraxılan 3 qola başqa izah tapmaq çətin olar. Hələ qaçırılan real qol şanslarını demirəm. Verilən onbirmetrlik cərimə zərbəsi də gülüş doğuracaq qədər saxta idi.
Əks halda, əsla 2:3 hesablı məğlubiyyət yaşanmazdı.
Düzdü, Kiprdə cavab qarşılaşması daha ağır keçəcək. Bəlkə də növbətə mərhələ ümidləri bitib. Lakin əminliklə iddia etmək olar ki, yeni mövsüm ötənilki "Qəbələ"dən heç də geri qalmayan kollektiv bizi gözləyir.
Rəhbərlik və Baxşıyev növbəti dəfə sübut etmiş oldu ki, hər futbolçunun havasına oynamaq gərəksizdir.
Sadəcə bir qədər özünə əziyyət verib, axtarış aparıb, yeni transferləri kəşf etmək lazımdır.
Onda nə İsnik Alimi yada düşəcək, nə də Ruan Renato. Bir sözlə, yenilənmiş "Qəbələ" gələcəyə böyük ümid verdi. Həmin gələcəyi is gözləməyə dəyər...
XANOĞLAN İMANOV

