Yasdan bayrama doğru – Azərbaycanda bu komanda gündəmdə!

23 İyul 2023 22:20 Qəbələ 1 222
Yasdan bayrama doğru – Azərbaycanda bu komanda gündəmdə!

Düz 1 ay əvvəl “Qəbələ”sevərlər yas içindəydi.

Ölkə kubokunun son sahibi mövsüm bitər-bitməz aparıcı futbolçuların gedişinə üzülmüş, komandanın əsas legionerlərinin hərəsi bir ölkəyə üz tutmuşdu.

Müdafiənin dirəyi Ruan Renato, orta sahənin “ürəyi” İsnik Alimi, cinahların ağası Rafael Utziq, komandanın “vuran ayağı” Ramon Maçado yaxşı pul qazanmaq arzusu ilə “Qəbələ”dən ayrılmışdı.

Məqsəd İsayev, Rövlan Muradov, Səlahət Ağayev kimi yerlilər də karyerasını başqa komandada davam etdirməyi üstün tutmuşdu.

Ağır zədə alan Asif Məmmədovla Feras Abu Akalın bölgə təmsilçisinə hansı tarixdə kömək edəcəkləri isə hələ də qeyri-müəyyəndir.

Kollektiv yay hazırlığına 13-15 nəfərlə başlamışdı. Bu qədər itkinin fonunda Elmar Baxşıyevin düşdüyü vəziyyəti anlamaq çətin deyildi.

Ruhdan düşməmək, daha çox çalışmaq, seleksiya işində diqqətli olmaq və ən vacibi, gələcəyə ümidlə baxmaq gərəkirdi ki, klub rəhbərliyi ilə Baxşıyev gecəsini gündüzünə qatıb, əl-ələ verib, işləri səhmana salmağa bacardı.

Ən qısa müddətdə Ahmed Ayzaya, Zurab Oçiqava, Lukas Afriko, Gilad Abramov, Osama Xalayla, Bilel Auaşeriya kimi əcnəbilərlə güclənən “qırmızı-qaralar”ın hazırkı durumuna Boluda keçirəcəyi yoldaşlıq görüşləri aydınlıq gətirəcəkdi.

Rəqiblər də Afrikanın həvəskarlardan yığılmış komandaları yox, Rusiya Premyer Liqasında mübarizə aparan “Orenburq”, Moldova təmsilçisi “Sukleya”, Şimali Makedoniyanı təmsil edən “Qostivar” idi.

Səmimi olsaq, mövcud durumda qəbələlilərin Türkiyə toplanışından qələbə ilə ayrılacağı bir tərəfə, qol vuracağı belə çoxları üçün inandırıcı deyildi. 5-10 günə komplektləşən komanda hara, “Orenburq” hara?

“Qəbələ” bütün proqnozları alt-üst edərək Boludan vətənə məğlubiyyətsiz qayıtdı.

Moldovanların qapısından 4 top keçirib, makedonlara 3-nü vuran Baxşıyevin yetirmələri rusların qapısına 1 dəfə yol tapmağı bacardı. Yekun nəticədə 8-ni vurub, qapısında 4 top gördü.

Komandanın məhsuldarlığı göz oxşayır. Təbii, müəyyən çatışmazlıqlar var, legionerlər komandaya tam oturuşmayıb. Əsas odur ki, bu, Konfrans Liqasında fiaskoya uğrayacağını təxmin etdiyim(n)iz “Qəbələ” deyil.

Heyət var, təcrübə var, qalır inanmaq və mübarizə aparmaq.

Ümid edək ki, çətinliklərə sinə gərməyə öyrəşən “Qəbələ” məhz əzmkarlığı hesabına “Omoniya” səddini keçməklə pula görə komandaya arxa çevirən legionerlərin “dərsini verəcək”.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 İyun 18:10 Çək və bizə göndər!